Bu həftəsonu gimnastikanın növləri üzrə bir neçə Dünya kuboku yarışı keçiriləcək.
İdman.biz xəbər verir ki, idman gimnastları Antalyada, aerobika ustaları isə Portuqaliyanın Kantanhede şəhərində qələbə uğrunda mübarizə aparacaqlar.
İdman gimnastikasında Kottbus və Bakıdan sonra mərhələ martın 20-23-də Türkiyədə davam edəcək. Seriyada halqalarla hərəkətlərdə liderliyi ələ keçirən Nikita Simonov Antalyaya favoritlərdən biri kimi yollanır. Bakıdakı Dünya kubokunun qalibi və Kottbusdakı yarışın gümüş mükafatçı, şübhəsiz ki, üçüncü dəfə fəxri kürsüyə çıxmağa çalışacaq.
Turnirdə ümumilikdə altı idmançımız mübarizə aparacaq. İvan Tixonov dəstəli at və paralel qollarda, Murad Ağarzayev sərbəst hərəkətlər və dayaqla tullanma, Rəsul Əhmədzadə isə paralel qollar, dəstəli at və sərbəst hərəkətlərdə çıxış edəcəklər. Qadınların mübarizəsində Dəniz Əliyeva və Nazənin Teymurova proqramın bütün növlərində - sərbəst hərəkətlər, müxtəlif hündürlüklü qollar, gimnastika tiri və dayaqla tullanmada yarışacaqlar.
Antalyada rəqabətin daha da artacağı gözlənilir. İştirakçılar arasında yer alan üçqat Olimpiya mükafatçısı Janq Bohenq dəstəli at və halqalar yarışlarında qeydiyyatdan keçib və Simonovun əsas rəqiblərindən biri ola bilər. Çinli 2021-ci il dünya çempionatının mütləq titulunu qazanıb və ümumilikdə mundiallardan üç mükafata sahib çıxıb.
Aerobika ustaları da mövsümdə ilk yarışlarını keçirəcəklər. Martın 21-23-də Kantanhededə Dünya kubokunun debüt mərhələsi olacaq və Azərbaycan gimnastları da orada öz bacarıqlarını nümayiş etdirəcəklər. Qarışıq cütlüklərdə dünya çempionatının gümüş mükafatçıları Vladimir Dolmatov və Mədinə Mustafayevaya xüsusi diqqət yönələcək. Onlar avqustun 7-17-də Çinin Çenqdu şəhərində keçiriləcək Dünya Oyunlarına da hazırlaşırlar.
Dünya kubokunda həmçinin Sara Əlixanlı, Arzu Ağayeva, Leyla Bejanova və Xədicə Quliyeva da çıxış edəcəklər. İdmançılar üçlük, qruplar, qarışıq cütlüklər və fərdi yarışlarda mübarizə aparacaqlar.
Ümumilikdə Portuqaliyaya 11 ölkədən komandaların gələcəyi gözlənilir. Dünya kuboku ilə paralel olaraq gənc aerobika ustalarımızın da iştirak edəcəyi beynəlxalq turnir keçiriləcək.
Zəki Feyzullayev
İdman.biz