"O vaxt həm Suqovuşan, həm Sərsəng su anbarlarının tikintisinin müəllifi Heydər Əliyev olmuşdur ki, Azərbaycanın bir neçə rayonunun su problemi həll edilsin. Amma mənfur düşmən işğal dövründə bizi o sudan da məhrum etmişdi. Biz faktiki olaraq o sudan istifadə edə bilmirdik, suyumuzu da kəsirdi. Sonra da lazım olmayan vaxtda, qışda açırdı və hər tərəfi su basırdı".
Operativ Media xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 18-də Suqovuşanda inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində kənd sakinlərinə evlərin açarlarını təqdim edən zaman deyib.
"Yəni, bu düşmənçiliyin dərəcəsinə baxın, biz bunu necə unuda bilərik? Heç vaxt. Mən bunu demişəm, bir daha demək istəyirəm, biz heç vaxt bu vəhşiliyi, bu pisliyi unuda bilmərik. Xocalı soyqırımını necə unutmaq olar? Biz qisasımızı döyüş meydanında aldıq. Onlardan fərqli olaraq mülki əhaliyə qarşı heç bir nalayiq hərəkət etməmişdik, gücümüzü ancaq Ermənistan ordusunu məhv etmək üçün səfərbər etmişdik. Onlar isə əliyalın insanlara qarşı, qadına, uşağa, qocalara qarşı nə qədər çirkin əməllər etmişdilər, hərbi cinayətlər törətmişdilər. Vaxtilə bizi hədələyənlər, “Biz Bakıya tanklarla gəlib Bakıda çay içəcəyik” deyənlər indi məhkəmə qarşısında cavab verirlər. Mən isə demişəm tanklar da Bakıdadır, Qənimətlər Parkında, çayı da içirlər lazım olan yerdə və xalq qarşısında, qanun qarşısında cavab verəcəklər", - deyə dövlət başçısı əlavə edib.