RU

Azadlığın “heykəli”...

Və ya “Azadlıq heykəli” Fransaya yaraşacaqmı?

Son 100 ildə fetişləşmiş “Qərb dəyərləri” anlayışı sürətlə deqradasiyaya uğrayır. Uzun illər Qərbin institusional təbliğat parametrləri sırasında yer alan “dəyərlər toplusu” bəlkə də 30 ildən artıqdır ki, göz ardı edilir. Bu faktdır - hətta gizlədilməsi mümkün olmayan faktdır.

Xüsusilə Avropanın vəziyyəti daha acınacaqlıdır - əsrlərlə məhək daşına çevrilmiş “azadlıq”, “suverenlik”, “insan hüquqları”, “müstəqil fikir və söz” kimi anlayışlar artıq nəinki ikinci plana keçib, hətta manipulyasiya vasitəsinə çevrilib. Necə deyərlər, azadlığın ancaq adı və “heykəli” qalıb...

Elə, “Azadlıq heykəli” ətrafında baş verən son hadisələr də bu qənaəti təsdiqləyir - odu söndürüb közü ilə oynayan Avropa itirdiyi dəyərlərin “heykəli”nin həsrətindədir. Məsələn, Fransa kimi...

Qluksmanın iddiası...

Məsələnin mahiyyətinə keçməzdən öncə, son günlər yayılan bir xəbərə diqqət yetirək - Avropa Parlamentinin üzvü Rafael Qluksman ABŞ hakimiyyətindən “Azadlıq heykəli”ni Fransaya qaytarmağı “tələb edir”. Onun “arqumenti” isə budur ki, mövcud ABŞ prezidenti və administrasiyası öz qərarları ilə azadlıq dəyərlərinin onlara yaxın olmadığını nümayiş etdirirlər.

Ukraynanı fəal şəkildə dəstəkləyən Qluksman çıxışında Vaşinqtonu Moskvaya yaxınlaşmaqda qınayıb - onun sözlərinə görə, ABŞ “tiranların tərəfinə keçməyə qərar verib”. Fransız siyasətçi həmçinin, Donald Tramp administrasiyasını elmi araşdırmalarda müstəqil mövqe nümayiş etdirən alimləri işdən çıxardığına görə tənqid edib. Beləliklə, avropalı deputat ABŞ-ı “Azadlıq heykəli”ni geri qaytarmağa çağırıb. O, amerikalılara müraciət edərək, “Biz bunu sizə verdik, amma deyəsən, siz buna xor baxırsınız” deyib.

Xatırladaq ki, “Azadlıq heykəli” heykəltəraş Fredrik Ogüst Bartoldinin əsəridir. Bu heykəl fransızların amerikalılara azadlıq müharibəsinin yüzilliyi şərəfinə verdiyi hədiyyə idi. 46 metr hündürlüyündə olan mis heykəl 1886-cı ildə Nyu-Yorkun Liberti adasında açılıb. Heykəldə təsvir olunan qadın fiqurunun əlində olan tabletin üzərində, Amerikan?? Müstəqillik Bəyannaməsinin tarixi olan 4 İyul 1776 tarixi yer alır.

Fransanın ABŞ-a “borcu”...

Bir çox populist, qeyri-real çağırışların səsləndiyi müasir zamanda bəlkə də, bu “tələb” də qeyri-adi görünməzdi - amma... Öncə ABŞ-ın fransız deputata cavabına diqqət yetirək: Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib ki, “aşağı səviyyəli bir fransız siyasətçisinə tövsiyəm onlara xatırlatmaqdır ki, fransızların bu gün almanca danışa bilməməsi yalnız ABŞ-a görədir”.

Bu fikrin altında yatan mahiyyət  hər kəsə bəllidir. II Dünya Müharibəsi zamanı faşizm işğalına məruz qalan Fransa məhz ABŞ-Rusiya tandeminin də yer aldığı koalisiya tərəfindən azad edilmiş, hətta qaliblərin sırasında dayanmışdı. Bu mənada, amerikalı rəsminin nəyə işarə vurduğu bəllidir.

Gələk, fransız deputatın “arzusu”nun mahiyyətinə... Qluksman bu iddia ilə guya ABŞ-ın Ukraynaya nəzərən tutduğu hazırkı mövqeni tənqid edir. Amma hansı arqumentlər üzərindən? Bu “heykəl” azadlıq mövhumunun nəinki daşlaşdığı, hətta yoxa çıxdığı Fransaya nə qədər yaraşır və ya harasına yaraşır?

Paris cinayətkarları dəstəkləyir...

Oradan başlayaq ki, 30 ilə yaxın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə, 1 milyona yaxın insanın evindən yurdundan didərgin düşməsinə göz yuman, işğalçıya nəinki etiraz edən, hətta açıq şəkildə yardım edən Fransa hansı “dəyərdən” danışır? 30 ilə yaxın əli qana batmış, yüzlərlə günahsız insanın, hətta körpələrin qətlinə fərman verən, eləcə də icra edən erməni separatizmini dəstəkləyən Fransa hansı azadlığı “bütləşdirir”? Cənubi Qafqazda müharibənin dayanmaması, sülhün əldə olunmaması üçün İrəvana silah daşıdan, ara qarışdıran Paris azadlıq dəyəri haqqında hansı haqla danışır?

On illərlə cinayət məsuliyyətindən yayınan, törətdikləri əməllərin cavabını verməkdən boyun qaçıran cinayətkarları dəstəkləməkdirmi “azadlıq” tələbi? Fransız deputat öz ölkəsinə güzgüdə nəzər salaraq hansı meyarlar üzərindən belə bir tələb irəli sürür?

Yüzillərlə soyqırımları törədən Fransa...

Və ya Parisdə addımbaşı təqib olunan müsəlmanlara, diskriminasiyaya məruz qalan, öldürülən, təhqir edilən mühacirlərə münasibət hər kəsə bəllidir. İslamofobiyanın tüğyan etdiyi, fərqli fikrə qarşı dözümsüzlük nümayiş etdirən, beynəlxalq hüquqa zidd mövqeyi ilə seçilən Paris hökumətinin hansı məziyyəti ilə uzlaşır “heykəl tələbi”? Fransanın adı mühacirlərin istismar olunmasında, orqan mafiyasının “şöhrət qazanmasında”, XXI əsrdə qul əməyindən istifadədə hallanır. Budurmu, “azadlıq” keşiyində dayanmaq?

Dənizaşırı ərazilər rəsmi Parisdən haqlı olaraq öz azadlıqlarını tələb edirlər - Azəbaycanın təşəbbüsü ilə yaradılan Bakı Təşəbbüs Qrupu Fransanın apardığı neokolonialist siyasəti ifşa edib. Onlarla ərazini hələ də müstəmləkə kimi yumruq altında saxlayan Fransa hansı dəyərdən söz açır və ya hansı dəyəri qoruyur?

Korsikada yaşayan insanların haqqını tanımayan, ən adi hüquqlarını belə məhdudlaşdıran Fransa hakimiyyəti bu zorakı addımları ilə “Azadlıq heykəli”nə layiq bilirlər özlərini?

Yoxsa, Əlcəzairdə, Afrikanın ayrı-ayrı yerlərində soyqırımları törətmələri, milyonlarla insanı qətlə yetirmələrini, ölkələrin azadlıq istəyini qanda boğmaq üçün səfərbər olan Fransa layiqdir bu heykələ? Fransanın Afrikada apardığı qətliamları təsdiqləyən muzeylər, soyqırımı abidələri, nişanələr ildə milyonlarla insan tərəfindən ziyarət edilir. Bu soyqırımların? aid minlərlə insanın çıxışı, videoçəkilişlər, filmlər və sənədli faktlar mövcuddur. Fransa etdiyi haqsızlıq və qətliama görə məsuliyyətdən hələ də boyun qaçırır - budurmu, onların azadlığa “hörməti”?

İslamofobiyanın və neokolonializmin simvolu...

Yüz illər boyu sömürgəçiliklə məşğul olan Fransa son günlərə qədər müstəmləkə altında saxladığı ərazilərin sərvətlərini talamaqdadır. Həmin regionların əhalisinə zülm edən fransızlar ekologyanı çirkiləndirir, təhlükəli maddələri, xüsusilə radioloji artıqları həmin torpaqlara daşıyıb insanların küləvi şəkildə məhv edilməsinə yol açırlar. Həmin bölgələrin yeraltı və yerüstü sərvətləri Fransaya daşınır. İnsanlara nəinki azadlıq, hətta primitiv hüquqlar tanınmır - hələ də bəzi bölgələrlə seçki hüquqları ilə bağlı çatışmazlıqlar və fərqli standartlar tətbiq edilir. Və ya həmin regionlarda dini-irqi ayrı-seçkilik bütün parametrlər üzrə özünü büruzə verir. Fransa bunların həlli ilə bağlı hansı addımları atır? Heç bir addım...

Əksinə, Afrikada əlindən saxladığı və iqtisadi müstəmləkəyə çevirdiyi əraziləri tərk etməmək üçün radikal terror qruplaşmaları ilə işbirliyinə gedir, insanları təhdid edir, BMT nizamnaməsini pozur, veorilən qərarları icra etmir - bir sözlə, Fransa bu gün dünyada qanunsuzluğun, ikili standartın, neokolonializmin, islamafobiyanın, azadlıqların məhdudlaşdırılmasının simvolu kimi çıxış edir. Belə bir dövlətə isə “Azadlıq heykəli” yaraşmır...

Pərviz SADAYOĞLU

Избранный
7
yeniazerbaycan.com

1Источники