RU

Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı və sosial həyatı özünəməxsusluğu ilə fərqlənir. Blokada şəraitində yaşamağa məhkum olunmuş muxtar respublika mövcud çətinliklərə baxmayaraq Azərbaycanda həyata keçirilən genişmiqyaslı quruculuq prosesində fəal iştirak edir. 

Azərbaycan Respublikasının iqtisadi-coğrafi rayonlaşdırılmasında Naxçıvan Muxtar Respublikasının ərazisi bütövlükdə ölkədaxili iqtisadi rayonlardan biri kimi qeyd olunub. Lakin o, özünün çoxsahəli strukturu ilə fərqlənir. 

Bu, muxtar respublikanın Azərbaycan Respublikasının əsas ərazisindən təcrid edilmiş coğrafi məkanda yerləşməsi və bununla əlaqədar burada yerli tələbatı müvafiq istehsal sahələri yaratmaq hesabına təmin etmək zərurəti ilə izah olunur. Muxtar respublikada davamlı inkişafın təmin edilməsi, sahibkarlıq fəaliyyətinə meylin stimullaşdırılması və bu istiqamətdə bütün cəhdlərin hərtərəfli dəstəklənməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, bu sahədə məqsədli proqramlar hazırlanıb. 

Muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosialiqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Aydın Mirzəzadə bildirib ki, Azərbaycan hər zaman Naxçıvanın inkişafına xüsusi diqqət yetirib:

“Naxçıvan həmişə Azərbaycanın tarixində, mövcudluğunda çox əhəmiyyətli bir yer tutub. Sovet dövründə aparılan səhv siyasət, buranı ərazicə Azərbaycandan kənarda saxlayıb. Amma hər zaman Azərbaycanın ürəyi Naxçıvanda döyünüb və bu gün də elədir. 

Blokada şəraitində olan Naxçıvanın ayaqüstə və möhkəm dayanması üçün Ulu Öndər Heydər Əliyev və Cənab Prezident İlham Əliyevin apardığı siyasət həmişə Naxçıvana böyük dəstək olub. Düzdü, Türkiyə ilə sərhəd olması, Türkiyənin də bu bölgəyə diqqətini təmin edib və bu günlərdə Naxçıvana İğdırdan qaz kəmərinin çəkilməsi Naxçıvanın bir proleminin də həllinə səbəb olur. Naxçıvan ərazi olaraq kiçik bir bölgədir. Onun iqtisadi modeli coğrafi mövqeyindən asılı olaraq formalaşır. 

Müəyyən sənayesi və həmin dövr üçün inkişaf etmiş kənd təsərrüfatı var. Şübhəsiz ki, blokada şəraitində olması, Naxçıvanın iqtisadiyyatında öz izini qoyub. Naxçıvan əhalisi bacarıqlı insanlardır və hesab edirəm ki, zaman-zaman siyasi situasiya dəyişdikcə, həmin iqtisadi modelin də yeni formaları tapılır və tapılacaq”. 

Millət vəkili həmçinin Naxçıvanın logistik cəhətdən regional əhəmiyyətindən bəhs edib:

“İlk növbədə logistik cəhətdən Naxçıvan xeyli maraq doğurur. Zəngəzur dəhlizi açıldıqdan sonra böyük yüklərin təkcə Azərbaycandan deyil, Mərkəzi Asiya və Rusiyadan gələrək Naxçıvandan keçməsi, onun logistik resurslarını ortaya qoyur. 

Naxçıvanda həmin logistik xəttə xidmət göstərmək üçün gələcəkdə bir çox sahələr yaradılacaq. Eyni zamanda ənənəvi sahələr olan sənayə müsəssisələri, xidmət sahələri öz fəaliyyətini gücləndirəcək. Aqrar sahə özünün potensialını göstərəcək. Naxçıvan yeni dövrdə universitet təhsili və tibbi xidmət sahəsində də uğurlar qazanacaq. Hesab edirəm ki, bu sahələr yeni şəraitdə özünün inkişafını tapacaq. Naxçıvan regionu turizm baxımından da inkişaf etməkdədir. 

Orada artıq yeni otellər tikilir. Naxçıvana Türkiyə və İrandan müəyyən sayıda turistlər gəlir. Ancaq Zəngəzur dəhlizinin açılması bu imkanları daha da genişləndirəcək. Həm regionun tarixi obyektləri, həm də fsünkar təbiəti onun turizm potensialını artıran amillərdir. Bu gün əsas məsələ Naxçıvana quru yolun açılmasıdır. Həmin yol açıldıqdan sonra, bütün bunların hamısı öz inkişafını daha da sürətləndirəcək”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır.   


Telegram kanalımız
Избранный
12
yenisabah.az

1Источники