BAKI, TurkicWorld
İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani ölkəsinin Suriyaya qarşı sanksiyaların dayandırılmasını dəstəkləyən ilk ölkələrdən biri olduğunu və Suriyadakı müxtəlif layihələrə 50 milyon avro sərmayə qoymağa hazır olduqlarını açıqlayıb.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Tajani bu bəyanatı Romada Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşdən sonra verib.
İtaliya Xarici İşlər Nazirliyində keçirilən görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin yenidən qurulması müzakirə edilib.
Tajani bildirib ki, Suriyada dinc keçid prosesinin idarə olunması Dəməşq hökumətinin öhdəliyini göstərəcək. O, Milli Dialoq Konfransını bu baxımdan müsbət siqnal kimi qiymətləndirib və Dəməşq hökumətindən bütün Suriya vətəndaşlarına bərabər münasibət göstərilməsinə dair təminat aldığını vurğulayıb.
Görüşdə İŞİD terror təşkilatının Suriyadakı mövcudluğu, qeyri-qanuni miqrasiya və xristian icmalarının hüquqları da müzakirə olunub. Tajani qeyd edib ki, İtaliya Suriyanın iqtisadi dirçəlişini dəstəkləmək üçün bir iş forumu təşkil edəcək.
Şeybani isə iki ölkə arasında münasibətlərin yenilənməsinin vacibliyini vurğulayaraq, Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasının ölkənin bərpası və qaçqınların geri qayıtması üçün mühüm addım olduğunu bildirib.
Qeyd edək ki, İtaliya Suriyada humanitar yardım və infrastruktur layihələrinə dəstək verən Avropa ölkələri arasında ön sıralarda dayanır. Sanksiyaların yumşaldılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi Suriya hökumətinin əsas prioritetlərindən biri kimi göstərilir.