Parlamentin cümə axşamı bu qanunu plenar iclasda təsdiqləməsi gözlənilir. Müvafiq parlament komitəsi qanuna edilən dəyişiklikləri artıq qəbul edib. Yeni düzəlişlər hərbi qulluqçulara daha çox mülki vəzifələr tutmağa imkan verəcək.
Bu qərara etiraz edən hüquq müdafiə təşkilatları və tələbə birlikləri cümə axşamı parlament qarşısında aksiya keçirməyə çağırıb.
Hüquq Müdafiə İnstitutunun sədr müavini Arif Maulana bildirib ki, bu dəyişikliklər İndoneziyanı 30 il geriyə apararaq, mərhum diktator Suxartonun dövründə olduğu kimi hərbçilərin mülki idarəetməyə müdaxiləsinə səbəb olacaq.
"Bu dəyişiklik İndoneziya xalqı və demokratiyanın gələcəyi üçün qanunvericilik cinayətidir", - deyə Maulana qeyd edib.
Ölkə prezidenti, keçmiş xüsusi təyinatlı komandir və Suxartonun keçmiş kürəkəni Prabovo Subianto oktyabrda vəzifəyə gəldikdən sonra hərbi qüvvələrin rolunu genişləndirmək üçün addımlar atıb.
Hökumət qanun layihəsini müdafiə edərək bildirib ki, hərbi şəxslərin mülki vəzifələrə təyin olunmazdan əvvəl istefa verməsini tələb edən müddəalar daxil edilib.
Müxalifətdə olan İndoneziya Demokratik Mübarizə Partiyasının deputatı Niko Siahan isə hökumətin bəzi dövlət orqanlarına - o cümlədən Dövlət Katibliyi, Baş Prokurorluq, terrorçuluq və narkotiklərlə mübarizə agentliklərinə aktiv hərbiçilərin təyin olunmasına icazə verdiyini bildirib.
Amnesty International İndoneziyanın rəhbəri Usman Hamid isə xəbərdarlıq edib ki, hərbçilərin mülki idarəçiliyə müdaxiləsi hakimiyyətdən sui-istifadəyə, insan haqları pozuntularına və cəzasızlığa yol aça bilər.
Hərbi qanun layihəsinə nəzarət edən komitənin sədr müavini və Prabovonun qohumu olan Budi Ciwandono isə hökumətin mülki hakimiyyət prinsipini qoruyacağını bildirib. O, hərbçilərin dövlət şirkətlərində rəhbər vəzifələrə gətirilməyəcəyini vurğulayıb.
Müxalifət partiyası yeni qanunun icrasının diqqətlə izlənilməsini tələb edərək, hərbi qüvvələrin səlahiyyətlərinin daha da genişlənməsinə qarşı çıxıb.