Türkiyədə 65 yaşdan yuxarı 9 milyon 112 min 298 nəfərin olduğu məlum olub.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) hesabat yayıb. Araşdırmalar göstərir ki, Türkiyə Cənubi Koreyadan sonra dünyada ən sürətlə qocalan ikinci ölkədir və yaxın gələcəkdə sayı xeyli artacaq yaşlı əhaliyə heç də hazır deyil.
Statistikaya əsasən, Türkiyədə hər 10 nəfərdən 1-i yaşlıdır. Bildirilir ki, bu göstərici 10-u keçəndə iqtisadiyyat və sosial nizam ciddi sarsılır.
Bununla bağlı araşdırmalar aparan professor Melih Bulut yaşlılara dəstəyin artması üçün təklif irəli sürüb:
"Yaşlıların ən böyük problemi tənhalıq və yaş ayrı-seçkiliyidir. Gələcəkdə daha çox qayğıya ehtiyacı olan insanlar olacaq. Bunun üçün gerotexnologiyanı həyatımıza daxil etməliyik. Məsələn, əlləri gücləndirən bir robotla yaşlılar öz işlərini həll edə bilməlidirlər. Heç kimdən asılı olmamalıdırlar. Onların sosial həyata inteqrasiyasına kömək etmək üçün texnologiyadan istifadə edilməlidir. Əks halda qocalara qulluq etmək üçün kifayət qədər işçi qüvvəsi tapmaq çətin olacaq”.