RU

Bu ehtiyat hissəsi işləməsə maşını oğurlamaq asanlaşacaq - ARAŞDIRMA

Avtomobillərdə mühərrikin alışdırma (dizel mühərriklərdə püskürtmə) sistemində quraşdırılmış elektron dövrə olan immobilayzer, oğurluğa qarşı ən effektiv təhlükəsizlik sistemlərindən biri hesab olunur.

Avtosfer.az xəbər verir ki, bu sistem avtomobilin mühərrikini qoruyur və yalnız müəyyən şərtlər yerinə yetirildikdə işə düşməsinə imkan verir. İmmobilayzerin bir hissəsi avtomobil açarının içərisində yerləşir. Əgər sistemin yaratdığı unikal kod düzgün tanınmazsa, mühərrik işə düşmür. Bu səbəbdən immobilayzerli avtomobillərin oğurlanması olduqca çətindir. Çünki bu sistemə malik nəqliyyat vasitələrində mühərriki birbaşa naqillərlə işə salmaq, yəni “isti naqil” üsulu ilə oğurlamaq mümkün olmur.
Bəzi avtomobil istehsalçıları immobilayzeri fərqli üsullarla tətbiq edirlər. Məsələn, “Citroen Saxo” modelində bu sistem açara yerləşdirilmək əvəzinə, parol daxil edilən klaviatura vasitəsilə aktivləşdirilir. Digər avtomobil markalarında isə immobilayzer avtomobilin alışdırma və qidalandırma sistemini kilidləməklə işləyir. Bəzi istehsalçılar isə hər iki sistemin eyni anda kilidlənməsini təmin edir.

Tədqiqatlar göstərir ki, immobilayzer sistemi avtomobil oğurluqlarının 90% azalmasına səbəb olub. Bu səbəbdən Böyük Britaniya, Avstraliya və Kanada kimi ölkələrdə bu sistemin avtomobillərdə olması məcburidir.

İmmobilayzer necə işləyir?

Sistem dörd əsas elementdən ibarətdir: Kontakt halqası (antena), elektron idarəetmə bloku (ECU), transponder (açarın içindəki çip).

İmmobilayzer modulu: Açar avtomobilin alışdırma sisteminə yerləşdirildikdə, içindəki çip antenadan enerji alaraq aktivləşir. Daha sonra bu çip immobilayzer qutusuna siqnal göndərir və sistem tərəfindən unikal kod yaradılır. Əgər ECU (elektron idarəetmə bloku) bu kodu təsdiqləyərsə, mühərrik işə düşür. Proses saniyənin 1/10 hissəsində baş verir.

İmmobilayzer nasaz olduqda nə etmək lazımdır? Bəzi hallarda immobilayzer sistemində nasazlıqlar yarana bilər. Çox vaxt problem açardakı çipin sıradan çıxması ilə bağlı olur. Əgər belə bir nasazlıq baş verərsə, ön şüşədə yerləşən LED işıq tez-tez yanıb-sönməyə başlayır. Bəzi avtomobillərdə isə bu vəziyyəti bildirən xüsusi siqnal işığı mövcuddur.

Əgər immobilayzer avtomobilinizi işə salmağa imkan vermirsə, ehtiyat açarınızı yoxlamaq məsləhətdir. Əgər ehtiyat açarla avtomobil normal işləyirsə, o zaman əsas açarın çipində problem ola bilər və onu təmir etdirmək lazımdır.

Qeyd edək ki, immobilayzer sistemi 1944-cü ildə Frank Maruq tərəfindən kəşf edilib və bu gün avtomobil təhlükəsizliyində ən mühüm texnologiyalardan biri hesab olunur.

Eltac Zülfüqaroğlu

Избранный
2
avtosfer.az

1Источники