İstanbulda Novruz bayramı münasibəti ilə təntənəli tədbir keçirilib. Bayram şənliyi İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutub.
SIA xəbər verir ki, mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi, şəhidlərinin xatirəsinin yad edilməsi ilə başlayıb.
Mərasimdə Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdizadə, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) sədrinin müavini Pərviz Məmmədzadə, İSTAD-ın sədri Səfər Qaraqoyunlu və digərləri çıxış edərək Novruz bayramının tarixindən, adət-ənənələrindən bəhs ediblər. Bildirilib ki, təxminən dörd min illik tarixə malik, dünya mədəni irsinin ən parlaq nümynələrindən olan Novruz ənənələri Türk dünyasının ortaq mirasıdır.
Mərasim konsert proqramı ilə davam edib.