Eynallı Nazim Hüseyin oğlu,
AAYDA 19 N-li Xüsusi Təyinatlı Yol İstismar MMC-nin Direktoru
Bu bayram özündə milli adət-ənənələrimizi, dəyərlərimizi qoruyub saxlayır.
Novruz yeni gün deməkdir. Məhz buna görə də, milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyi özündə əks etdirir. Artıq 5-ci ildir ki, işğaldan azad edilən torpaqlarımızda Novruz tonqalları qalanır, Novruz süfrələri açılır. Elimizə bahar fərqli ab-havada qədəm qoyur. Axı Novruz həm də milli birliyin, həmrəyliyin rəmzidir.
Baxmayaraq ki, 70 il milli dəyərlərimizə buxov vurulub, amma xalqımız o dəyərləri yaşatmağı bacarıb. Yenə də milli birlik və həmrəylik sayəsində.
“Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq olub. Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır. Biz öz milli mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”, - deyən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət əslində Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin şaxələndirilmiş şəkildə davamıdır.
Sirr deyil ki, hər bir xalqın milli-mənəvi irsinin qorunmasında, təbliğində və gələcək nəsillərə ötürülməsində mütləq müdrik və uzaqgörən siyasətçiyə ehtiyac var. Azərbaycan xalqı xoşbəxt xalqdır. Ulu öndər Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli mənəvi dəyərlərin, adət-ənənələrin yaşadılmasında mühüm rol oynayıb. Bu ənənə bu gün də davam edir. Prezident İlham Əliyev bu istiqamətdə mühüm işlər görür. Həmçinin, Heydər Əliyev Fondunun gördüyü işlər də xüsusi vurğulanmalıdır.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti ilə milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısına və etibarlı müdafiəçisinə çevrilib. Azərbaycanın birinci xanımının milli-mənəvi dəyərlərin qorunması və dünyada təbliğ olunması üçün həyata keçirdiyi layihələr onun əsl vətəndaşlıq mövqeyinin, yüksək mənəvi keyfiyyətlərə malik olmasının bariz nümunələridir.
Onun səyi nəticəsində 2009-cu ildə Novruz bayramı aşıq sənəti ilə birlikdə UNESCO-nun qorunan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010- cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü" elan olunub. Eyni zamanda, Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınıb. Bütün bunlarla yanaşı, Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. Eyni zamanda Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Ümumdünya İrs siyahısına salınıb.
2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir.
Novruz saflıq, təmizlik paklıq bayramıdır. Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva Novruzun atributlarından olan ilaxır çərşənbəni Qarabağ və Şərqi Zəngəzurda keçmiş məcburi köçkünlərlə birgə keçirir. Budur dəyərləri, ənənələri yaşatmaq.
Novruz bayramınız mübarək olsun!