Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, iclasın gündəliyinə terrorsuz Türkiyə prosesi, Suriyada baş verən hadisələr, eləcə də İsrailin Qəzzaya endirdiyi zərbələr daxil edilib.
Bununla yanaşı, iclas zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə ediləcək.
Qeyd edilib ki, bu, Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının il ərzində keçirəcəyi ikinci iclas olacaq.
***
Milli Təhlükəsizlik Şurası Prezident Ərdoğanın rəhbərliyi ilə toplaşıb.
***
Milli Təhlükəsizlik Şurasının (MGK) iclası başa çatıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən görüş təxminən 2,5 saat davam edib.
Görüş zamanı terror təşkilatlarına qarşı keçirilən əməliyyatlardan və Türkiyənin Suriyada daimi sülh və sabitliyin təmin edilməsində rolundan danışılıb. Bununla yanaşı, Qəzzanın yenidən qurulması səylərinin davam etdiriləcəyi bildirilib.
Həmçinin qeyd olunub ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin sülhlə başa çatması, davamlı sülhün bərqərar olması üçün təşəbbüs göstərəcək.