RU

BMT Baş Assambleyasında “İtkin düşmüş şəxslər” mövzusunda iclas keçiriləcə

Aprelin 2-də BMT-nin əsas orqanlarından biri olan Qəyyumluq Şurası Palatasında Baş Assambleyanın “İtkin düşmüş şəxslər” mövzusunda qeyri-rəsmi iclası keçiriləcək...

Bu barədə “Report”un ABŞ bürosuna BMT Baş Assambleyası Prezidentinin sözçüsü Şaron Birç məlumat verib.

Sözçünün sözlərinə görə, iclas BMT Baş Assambleyasının 77/220 saylı qətnaməsinə uyğun olaraq təşkil ediləcək. Bu çərçivədə Baş Assambleyanın 79-cu sessiyasının Prezidenti Filemon Yanq BMT Baş katibi adından bütün üzv ölkələrin daimi nümayəndələrinə və müşahidəçi ölkələrə məktub ünvanlayıb.

Məktubda qeyd olunur ki, iclasda BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk BMT Baş katibi adından məruzə ilə çıxış edəcək və brifinqin ardından qətnamənin icrası ilə bağlı geniş müzakirələr aparılacaq.

Məktubda, həmçinin bildirilib ki, tədbirdə çıxış üçün əvvəlcədən müəyyən olunmuş siyahı nəzərdə tutulmayıb.

Qeyd edək ki, “İtkin düşmüş şəxslər” problemi Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır fəsadlarından biridir. Birinci Qarabağ müharibəsi nəticəsində 4 000-dən çox azərbaycanlı itkin düşüb. Onların arasında hərbçilər, mülki şəxslər, o cümlədən uşaqlar və qadınlar da var. “İtkin düşmüş şəxslər” adlı qətnamə ilk dəfə 2002-ci ildə Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının 57-ci sessiyasında qəbul edilib və hər iki ildən bir yenidən irəli sürülür.

Xatırladaq ki, ötən ilin noyabr ayında BMT Baş Assambleyasının 3-cü Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. Sənəddə BMT Baş katibindən 2026-cı ildə Baş Assambleyanın 81-ci sessiyasına və BMT-nin İnsan Hüquqları Şurasının müvafiq sessiyasına qətnamənin icrası ilə bağlı müfəssəl hesabat təqdim etməsi xahiş olunub.

Poliqon.info 

Избранный
27
1
poliqon.info

2Источники