RU

Cənubi Koreyada Azərbaycan mədəniyyəti gecəsi və Novruz şənliyi təşkil olunub

Pekin, 25 mart, AZƏRTAC

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, ölkəmizin Koreya Respublikasındakı səfirliyinin və Koreyadakı Azərbaycan icması nümayəndələrinin təşkilatçılığı ilə Seulda Azərbaycan mədəniyyəti gecəsi və Novruz bayramı tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistanın Koreya Respublikasındakı səfirləri və səfirlik əməkdaşları, Koreyanın iqtisadi, mədəni, elm-təhsil dairələrinin nümayəndələri, media təmsilçiləri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Səfir Ramin Həsənov Novruz bayramının Azərbaycan xalqının mədəniyyətində yeri və rolundan bəhs edib, xalqımızın Novruz ənənələrinin dünya sivilizasiyasına töhfə olduğunu vurğulayıb. Bu xüsusda, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında aparılmış iş nəticəsində Novruz bayramının 2009-cu ildə UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına daxil edildiyi diqqətə çatdırılıb. Diplomat bildirib ki, Azərbaycanın təşəbbüsü ilə 2010-cu ildə BMT Baş Assambleyası mart ayının 21-nin “Beynəlxalq Novruz Günü” kimi tanınmasına dair qətnamə qəbul edib.

R.Həsənov əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq məfkurəsinə müvafiq olaraq, bu bayramın xarici ölkələrdə qeyd olunmasının Azərbaycan diasporunun nümayəndələrinin ölkəmizlə bağlılığının təmin olunmasına və Azərbaycan mədəniyyətinin xaricdə təbliğatına xidmət etdiyini deyib.

Koreyada təhsil alan azərbaycanlı tələbələr xalq mahnıları və milli rəqslərimizdən nümunələr ifa ediblər.

Azərbaycan musiqisi ilə müşayiət olunan bayram ziyafətində qonaqlara xalqımızın Novruz bayramı ilə əlaqədar adət-ənənələrini və kulinariya nümunələrini əks etdirən məlumat lövhəsi təqdim olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Избранный
46
4
azertag.az

5Источники