"Kosmik gəmi Yer kürəsinin hər iki qütbündən keçən orbit üzrə uçacaq ki, bu orbitdən yalnız peyklər istifadə edib..."
Bazar ertəsi günü "SpaceX" şirkəti Yer orbitinə özəl missiya göndərib, bu missiya bir neçə cəhətdən tarixə düşüb.
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumatda deyilir ki, bu, Yer kürəsinin hər iki qütbü üzərindən keçən ilk pilotlu uçuş, belə bir marşrutla ilk özəl missiya, alman qadınının kosmosa uçduğu ilk missiya və içində bir nəfər də olsun amerikalının olmadığı ilk Amerika gəmisinin uçuşudur.
"Fram-2" adlı missiya Arktikada tədqiqat aparan Frityof Nansenin "Fram" gəmisinin şərəfinə adlandırılıb və Florida ştatında olan "Kennedi" Kosmik Mərkəzindən buraxılıb. "Falcon-9" raket daşıyıcısı kosmosa "Crew Dragon Resilience" kosmik gəmisini içində dörd astronavtla birgə yola salıb.
Uçuşun təşəbbüskarı və sponsoru Malta milyardçısı Çun Van olub, o, Bitcoin mədənçiliyindən gəlir əldə edib. Gəminin komandiri norveçli kinorejissor Yannike Mikkelsen, pilotlar isə Almaniya mühəndisi və robot texnikası üzrə mütəxəssis Rabeya Roqqe və Avstraliya səyahətçisi Erik Fillipsdir.
"Fram-2" nə qədər özəl missiya olsa da, elmi xarakter daşıyır. Qütb tədqiqatlarına maraq göstərən dörd kosmonavt kosmik uçuşun və mikrogücün insan bədəni üzərindəki təsirini öyrənməyə həsr olunmuş 22 elmi eksperiment aparacaq, amma bunlar əsasən uçuş marşrutundan asılı olmayan tədqiqatlardır.
Bununla belə, gəmi Yer kürəsinin hər iki qütbündən keçən orbit üzrə uçacaq ki, bu orbitdən əvvəllər yalnız peyklər istifadə edib. Adi olmayan bu orbit pilotaj sahəsində bir eksperimentdir və iştirakçıları üçün daha çox diqqət cəlb edir, telekanal bildirir.
Missiya üç-beş gün arasında davam edəcək və hətta ekipajın Yerə geri dönüşü də eksperimental olacaq. Birincisi, qayıdış Floridanın deyil, Kaliforniyanın sahillərində planlaşdırılıb.
Bu, gəminin eniş öncəsi atılacaq hissələrinin quruya deyi, okeana düşməsi üçün edilib. İkincisi isə astronavtlar enişdən sonra kapsuldan özləri çıxmağa çalışacaq. Beləliklə, "SpaceX" quru yerlərdə əlavə personalın köməyi olmadan astronavtların enişini yoxlamağı hədəfləyir.