RU

Azərbaycan Avropada verilən haqsız qərarlar qarşısında heç vaxt geri addım atmayacaq -ŞƏRH

Azərbaycan

Bakı, 24 yanvar, AZƏRTAC

Son dövrlər Avropada Azərbaycana qarşı artan hücumların başlıca səbəbi bir sıra qüvvələrin Cənubi Qafqazda yürütmək istədikləri vasitəçilik missiyasının uğursuzluğa düçar olması ilə bağlıdır. Amma nəzərə almaq lazımdır ki, bu uğursuzluqların əsas səbəbi həmin qüvvələrin ölkəmizə qarşı apardığı yanlış siyasətlə əlaqədardır. Məhz bu səbəbdən hələ 2023-cü ilin oktyabrında Azərbaycan İspaniyanın Qranada şəhərində keçirilməsi planlaşdırılan beştərəfli görüşdən imtina etmişdi. Fransa neytral qala bilmədiyinə görə vasitəçilik missiyası şansını itirdi. Belə olan halda, Fransanın hər hansı bir nümayəndəsinin Ermənistanla Azərbaycan arasında normallaşma prosesində iştirakı məqbul hesab edilmir. Eyni zamanda, Qranadadakı kimi təktərəfli yanaşmalar vasitəçilik missiyasına xələl gətirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev söyləyib.

“Biz Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı yürütdüyü siyasətə millətçi radikal qüvvələrin təsirinin olduğunu görürük. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistanla arasında normallaşma prosesi uğurla davam edirdi. Bundan əlavə, 44 günlük Vətən müharibəsindən sonra Avropa ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq üzrə bir sıra layihələrin həyata keçirilməsinnə dair müqavilələr imzalanıb. Bütün bunları nəzərə alan bəzi qüvvələr hərb meydanında misilsiz uğur qazanmış Azərbaycanın Avropada etibarının artmasından narahat olmağa başladılar”, - deyən C.Vəliyev regionda əsasən Fransanın dominantlıq siyasəti yürütməyə çalışdığını bir daha vurğulayaraq bildirib ki, Azərbaycan Qarabağ Zəfərini həm hərbi, həm də diplomatik müstəvidə tamamlayaraq, rəsmi Parisin Cənubi Qafqazda mövqelərinə zərbə vurub.

Aydındır ki, Azərbaycanın Zəfəri həm də imperialist dövlətlərin siyasəti qarşısında əzilən məzlum xalqların, İslam və Türk dünyasının qələbəsidir. Çünki Qarabağ Zəfəri həmin xalqlara da öz haqq səslərini ucaltmaq üçün bir cəsarət verdi. Bütün bu amillər Azərbaycana qarşı siyasət yürüdənlərin gələcəyi üçün təhlükə yaradır və buna görə də onlar ölkəmizə qarşı qarayaxma kampaniyasından istifadə etməyə çalışırlar.

Son zamanlar Ermənistanın bölgədə Rusiyanı müttəfiq kimi görməməsi və erməni ictimaiyyəti arasında anti-Rusiya meyillərinin artmasının müşahidə edildiyini diqqətə çatdıran şöbə müdiri deyib ki, bu da müəyyən qədər boşluqların yaranmasına və fikir ayrılığına gətirib çıxarır.

“Avropa Şurasını narahat edən digər məsələ isə Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların intensivləşməsi ilə bağlıdır. Məlumdur ki, Azərbaycanın bu məsələdə təklifi problemləri ikitərəfli qaydada həll etməklə bağlı idi. Məlumdur ki, delimitasiya və demarkasiya komissiyalarının sərhəddə ikitərəfli görüşləri keçirilib. Ermənistandakı bəzi qüvvələr də sülh danışıqlarının ikitərəfli qaydada keçirilməsinin tərəfdarıdır. Bu da Avropa Şurasının vasitəçilik rolunun aradan qalxmasına gətirib çıxaran amildir. Çünki həmin qüvvələr sülh danışıqlarından istifadə edərək Cənubi Qafqaza yerləşməyə çalışırdılar. Ermənistan parlamentinin sədri Alen Simonyan da sürpriz bir açıqlama ilə çıxış edərək, Fransanın bölgədə daha çox geosiyasi maraqlar üçün çalışdığını bildirdi. Hesab edirəm ki, həm AŞPA-da Azərbaycanla bağlı gedən müzakirələr, həm Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin ölkəmizə qarşı səsləndirdiyi əsassız ittihamlar, həm də Fransa Senatının rəsmi Bakı ilə bağlı qərarları radikal revanşist qrupların mövqelərini gücləndirməyə xidmət edir”, - deyə ekspert vurğulayıb.

Həmin qüvvələrin Azərbaycanın AŞPA-da səsvermə hüququnu əlindən almağa və onu ləkələməyə çalışdıqlarını vurğulayan C. Vəliyev ölkəmizin bu əsassız ittihamlar qarşısında səssiz qalmayacağını qeyd edib.

“Baş verənlərin fonunda Azərbaycanın da öz növbəsində Avropa Şurasından çıxmaq haqqı var. Azərbaycana sanksiya tətbiq etməklə bağlı fikirlərə gəlincə, enerji məsələsində sanksiya tətbiq etmək ehtimalı demək olar yox səviyyəsindədir. Xüsusilə Balkan və Şərqi Avropa ölkələrinin Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycanın enerji resurslarına tələbatı artıb. Həmçinin Avropanın bir çox məsələlərdə birlikdə hərəkət etmədiyinin şahidiyik. Çünki əvvəlki dövrlərdə Avropa Şurası Parlament Assambleyası və digər qurumlar tərəfindən Azərbaycana qarşı çıxarılan qərəzli qərarlardan sonra vəziyyətin ölkəmizin xeyrinə dəyişdiyinin şahidi olmuşuq. Beləliklə, əminliklə söyləmək olar ki, Azərbaycan Avropadan verilən haqsız qərarlar qarşısında heç vaxt geri addım atmayacaq”, - deyə şöbə müdiri bəyan edib.

Избранный
228
50
azertag.az

10Источники