Martın 3-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkilatçılığı ilə “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirə keçirilib.
“AzPolitika” xəbər verir ki, tədbirdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov son illər ölkədə enerji sahəsində, xüsusən bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən və qarşıya qoyulan hədəflərdən söz açıb.
O, ölkə rəhbərinin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda enerji diversifikasiyasında və enerji effektivliyində böyük irəliləyiş əldə olunduğunu vurğulayıb, bu sahənin inkişaf perspektivləri, qənaətcil texnologiyaların tətbiqi ilə bağlı fikirlərini bölüşüb.
Sonra energetika nazirinin müavini Elnur Soltanov Azərbaycanda enerji istehsalında və istehlakında tətbiq edilən innovativ texnologiyalar sayəsində əldə olunan müsbət nəticələri diqqətə çatdırıb. O, ölkədə enerji effektivliyi və qənaəti ilə bağlı mövcud imkanlar və atılacaq addımlar barədə danışıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov çıxışında Azərbaycanda enerji səmərəliliyinin dövlət siyasəti səviyyəsinə qaldırıldığını qeyd edərək enerji səmərəliliyinin iqtisadiyyata transformasiyası və məsələnin iqtisadi aspektləri barədə danışıb. O, ölkədə həm qanunvericilik sahəsində, həm də praktiki müstəvidə bərpaolunan enerji sahəsinin inkişafı üçün əlverişli şəraitin yaradıldığını qeyd edib.
İctimai müzakirədə Milli Məclisin komitə sədri Musa Quliyev, deputatlar Qüdrət Həsənquliyev, Naqif Həmzəyev, Elman Nəsirov, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev, “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Arif Həşimov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Texniki Universitetinin prorektoru Nurəli Yusifbəyli, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Fuad Hümbətov çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
İctimai müzakirənin yekununda komitə sədri Sadiq Qurbanov, energetika nazirinin müavini Elnur Soltanov, Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadə, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov qaldırılan məsələlərə münasibətlərini bildiriblər, səsləndirilən suallara aydınlıq gətiriblər.
“AzPolitika.info”