Bu gün Moldovanın paytaxtı Kişinyovda Avropa Birliyi və Konrad Adenauer Fondu tərəfindən maliyyələşdirilən EU4Dialogue proqramının bağlanış mərasimində gərgin anlar yaşanıb.
QHT.az xəbər verir ki, tədbirin 5-ci paneldə özünü qondorma “Dağlıq Qarabağın” sakini kimi təqdim edən erməni qızın çıxışı zamanı Azərbaycan ilə bağlı təhrif olunmuş və qərəzli fikirlər səsləndirilib.
Erməni nümayəndə Qarabağla bağlı qərəzli iddialar irəli sürdüyü anda Region Qadın Mərkəzinin rəhbəri Məleykə Əlizadə və İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli dərhal etiraz edərək, bunun tədbirin mövzusuna aidiyyəti olmadığını bildiriblər. Onlar eyni zamanda Qarabağdan bir milyondan çox azərbaycanlının zorla çıxarıldığını qeyd edərək, tərəflər sülhə hazırlaşdığı bir zamanda bu cür ittihamların yolverilməz olduğunu vurğulayıblar.
Daha sonra deputat Vüqar Bayramov çıxış edərək Avropa Birliyinin Dialoq platformasının prinsiplərini xatırladıb və özünün də Füzuli rayonundan məcburi köçkün olduğunu vurğulayıb. O, ermənilər tərəfindən bu cür məsələlərin siyasi manipulyasiya vasitəsinə çevrilməsinin qəbuledilməz olduğunu bildirib: “Şüarı dialoq olan beynəlxalq tədbirdə separatizm meyilləri təqdim oluna bilməz”.
Tədbirdə çıxış edən Su Ehtiyatları Agentliyinin nümayəndəsi də məsələ ilə bağlı sərt mövqe sərgiləyərək, tədbirin moderatorunu belə bir təxribatçı çıxışa şərait yaratdığı üçün qınayıb. Sonda təşkilatçılar Azərbaycan nümayəndə heyətindən üzr istəyərək erməni nümayəndəsinin çıxışını yarımçıq dayandırıblar.
Pərvanə Fərhadqızı