Azərbaycanda satılan bəzi qrip dərmanlarında, preparatlarda, qrip tozlarında (paraşok) narkotik vasitə və psixiotrop maddələrin olması barədə məlumat var.
Publika.az ajans.az saytına istinadən xəbər verir ki, hətta, bir sıra iş yerlərində narkotik testi zamanı narkotik aludəçisi olmayan şəxslərdə analizlər müsbət çıxıb. Bu isə həmin şəxslərin işlərini itirməsi ilə nəticələnib.
Araşdırmadan sonra məlum olub ki, bu şəxslər narkoman deyil və qrip dərmanlarından istifadə ediblər. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq bildirdilər ki, bəzi qrip dərmanlarının tərkibində narkotik vasitə və psixiotrop maddələr var.
Hazırda Azərbaycan Respublikasının ərazisində 19 ticarət adı ilə belə mürəkkəb tərkibli dərman vasitələri dövlət qeydiyyatına alınıb, bunlardan on ikisi həkim resepti əsasında buraxılır.
19 dərmanın 6-sı qrip və soyuqdəymə əleyhinə istifadə olunur. Tərkiblərində narkotik vasitə olan kodein (codeine) mövcuddur və qanunvericiliyə görə nəzarətdə saxlanılmır. Dərmanlar bunlardır: Kaffetin, Paraferin, Pentalgin®-N, Kodelak®, Piralgin Neo, Kodefrin. Bunlardan ilk ikisi reseptsiz, qalanları reseptlə buraxılır.
Ajans.az-ın sorğusuna cavabda bildirilir ki, ümumiyyətlə ölkə ərazisinə dünyanın qabaqcıl dərman istehsalçıları tərəfindən idxal olunan bəzi mürəkkəb dərman vasitələrinin tərkibində kompleks müalicənin aparılması məqsədilə müəyyən faiz nisbətində narkotik vasitələr və psixotrop maddələr mövcuddur:
''Buna misal olaraq, tərkibində narkotik vasitə kodein və psixotrop maddə fenobarbital olan mürəkkəb tərkibli dərman vasitələrini göstərmək olar. Kodein tibdə əsasən ağrıkəsici (analgetik) və öskürək əleyhinə (antitussiv), fenobarbital isə antikonvulsant (qıcolma əleyhinə), sedativ (sakitləşdirici) və yuxugətirici dərman kimi istifadə olunur.
Məlumat üçün bildiririk ki, tərkibində kodein olan dərman vasitələri 1961-ci il tarixli "Narkotik vasitələr haqqında" Beynəlxalq Konvensiyanın 3-cü siyahısına daxil edilib. Onların qanuni tibbi istifadəsi, miqdarı, sui-istifadə edilmə ehtimalı və həmin maddələrin asanlıqla bərpa oluna bilməyəcəyi (dərman vasitələrinin tərkibindən çıxarılması) səbəbindən, həmin Konvensiya ilə nəzərdə tutulan bəzi nəzarət tədbirlərindən azad edilib.