Azərbaycanda satılan bəzi qrip dərmanlarında, preparatlarda, qrip tozlarında (paraşok) narkotik vasitə və psixiotrop maddələrin olması barədə məlumat yayılıb.
Yayılan məlumata görə, hətta, bir sıra iş yerlərində narkotik testi zamanı narkotik aludəçisi olmayan şəxslərdə analizlər müsbət çıxıb. Bu isə həmin şəxslərin işlərini itirməsi ilə nəticələnib. Araşdırmadan sonra məlum olub ki, bu şəxslər narkoman deyil və qrip dərmanlarından istifadə ediblər.
Məlumata əsasən bəzi qrip dərmanlarının tərkibində narkotik vasitə və psixiotrop maddələr var. Hazırda Azərbaycan Respublikasının ərazisində 19 ticarət adı ilə belə mürəkkəb tərkibli dərman vasitələri dövlət qeydiyyatına alınıb, bunlardan on ikisi həkim resepti əsasında buraxılır. 19 dərmanın 6-sı qrip və soyuqdəymə əleyhinə istifadə olunur. Tərkiblərində narkotik vasitə olan kodein (codeine) mövcuddur və qanunvericiliyə görə nəzarətdə saxlanılmır. Dərmanlar bunlardır:
Kaffetin, Paraferin, Pentalgin®-N, Kodelak®, Piralgin Neo, Kodefrin. Bunlardan ilk ikisi reseptsiz, qalanları reseptlə buraxılır. Qeyd edək ki, həmin dərmanların bir çoxunu vətəndaşlar apteklərdən reseptsiz alırlar.
Ümumiyyətlə bu məlumat nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkə ərazisinə dünyanın qabaqcıl dərman istehsalçıları tərəfindən idxal olunan bəzi mürəkkəb dərman vasitələrinin tərkibinə kompleks müalicənin aparılması məqsədilə müəyyən faiz nisbətində narkotik vasitələr və psixotrop maddələr daxil edilir:
“Buna misal kimi tərkibində narkotik vasitə kodein və psixotrop maddə fenobarbital olan mürəkkəb tərkibli dərman vasitələrini göstərmək olar. Belə ki, kodein tibdə əsasən ağrıkəsici (analgetik) və öskürək əleyhinə (antitussiv), fenobarbital antikonvulsant (qıcolma əleyhinə), sedativ (sakitləşdirici) və yuxugətirici dərman kimi istifadə olunur. Məlumat üçün bildiririk ki, tərkibində kodein olan dərman vasitələri 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Beynəlxalq Konvensiyanın 3-cü siyahısına daxil edilib.
Onların qanuni tibbi istifadəsi, miqdarı, sui-istifadə edilmə ehtimalı və həmin maddələrin asanlıqla bərpa oluna bilməyəcəyi (dərman vasitələrinin tərkibindən çıxarılması) səbəbindən, həmin Konvensiya ilə nəzərdə tutulan bəzi nəzarət tədbirlərindən azad edilib. Həmçinin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ saylı Qanununa görə, kodein ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin, fenobarbital dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısına daxil edilib, lakin başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarət tədbirlərindən azad edilib”.
AEM-dən bildirilir ki, hazırda Azərbaycan Respublikasının ərazisində 19 ticari adda belə mürəkkəb tərkibli (tərkibində narkotik və psixotrup maddələr olan) dərman vasitələri dövlət qeydiyyatına alınıb. Onlardan 12-si həkim resepti əsasında buraxılır. 6-sı isə qrip və soyuqdəymə əleyhinə istifadə olunur. Tərkiblərində narkotik vasitə olan kodein (codeine) mövcuddur və qanunvericiliyə görə nəzarətdə saxlanılmır. Dərmanlar:
Kaffetin, Paraferin, Pentalgin®-N, Kodelak®, Piralgin Neo, Kodefrin. Bunlardan ilk ikisi reseptsiz, qalanları reseptlə buraxılır. Diqqətinizə çatdırmaq istərdik ki, 01.01.2024-cü il tarixindən etibarən ölkə ərazisində “Elektron Resept” sisteminə keçid başlanılıb. Elektron reseptin üstünlüklərindən biri sistem üzərindən xəstəyə dərman vasitəsi təyin olunmamışdan öncə diaqnozun təyin olunmasıdır. Həmçinin, pasient üçün tərtib olunan elektron resept özündə resepti yazan həkim və pasiyentə dair məlumatları daşıyır.
Vətəndaş elektron resept vasitəsilə aptekdən dərman vasitəsini əldə etdikdə, sistem üzərindən həmin resept aktivlik statusunu itirir. Bu da bir reseptlə bir neçə aptekdən təkrar olaraq eyni dərman vasitəsinin əldə edilməsinin qarşısını almaqla, bərabər dərman vasitələri üzərində nəzarətin həyata keçirilməsində əhəmiyyətli rol oynayır.
Ümumiyyətlə, özəl tibb müəssisələrində və aptek təşkilatlarında baş verən qanun pozuntularına rast gəldikdə vətəndaşlar AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 07 12), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”.