AZ

“Haiti seçməsinə ciddi yanaşırıq” – Fernandu Santuş

“Milliyə dəvət alan “Qəbələ”nin üzvü Şahin Şahniyarov çox keyfiyyətli oyunçudur”.

Msport.az xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Haiti və Belarusla keçiriləcək yoldaşlıq oyunları öncəsi mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis özünün və köməkçilərinin tez-tez I Liqa oyunlarını izlədiklərini bildirib: “Orada yaxşı futbolçular var. Diqqətimi çəkənlər olub. Amma bunu da bilmək lazımdır ki, bura Azərbaycan millisidir. Gələcəkdə fərqli seçimlər edəcəyik. Yeni gələnlər yığmada olan ab-havanı görməlidir. Biz də bəyəndiyimiz oyunçuları millinin toplanışına dəvət edirik. Yaşından asılı olmayaraq, yaxşı çıxış edən futbolçulara milli komandanın qapısı hər zaman açıqdır. Ümid edirəm ki, milliyə çağırılan adlar komandaya fayda verəcəklər”.

F.Santuş Haiti millisinin yaxşı komanda olduğunu söyləyib: “Mən AFFA-ya iki yoxlama oyunu keçirmək istədiyimi bildirdim. Onlar da uyğun rəqibləri bizim üçün seçdilər. Haiti seçməsinə ciddi yanaşırıq. Yaxşı futbol nümayiş etdirirlər”.

Baş məşqçi Azərbaycan çempionatında legioner limitinin ləğvi və komanda sayının artırılması məsələsinə də toxunub: “Bunun faydasını gələcəkdə görəcəyik. Əlbəttə ki, komanda sayının çox olması sevindirici haldır”.

Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti, martın 25-də Masazırda yerləşən “Bank Respublika Arena”da isə Belarusla üz-üzə gələcək.

Seçilən
11
5
msport.az

6Mənbələr