“AzerGold” QSC-də ölkə ərazisində qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti dövlət qurumları və sahibkarlıq subyektlərinin iştirakı ilə növbəti seminar keçirilib.
QSC-dən “İki sahil”ə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında 2024-cü il 23 dekabr tarixli Sərəncamına uyğun olaraq təşkil edilmiş seminarda mövcud vəziyyətin öyrənilməsi məqsədilə aparılmış araşdırma, sahə səfərləri, sorğu və təhlillərin nəticələrinə əsasən hazırlanmış ilkin təkliflər toplusu təqdim edilib. “AzerGold” QSC-nin prosesə cəlb etdiyi beynəlxalq nüfuzlu “Boston Consulting Group” məsləhətçi şirkəti tərəfindən hazırlanan təqdimatda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində mövcud vəziyyət, mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında idarəetmənin təkmilləşdirilməsi və bazar iştirakçılarının qarşılaşdıqları problemlərin həlli ilə bağlı təkliflər müzakirəyə çıxarılıb.
Bildirilib ki, təkliflərin hazırlanması bu istiqamət üzrə səmərəliliyin və şəffaflığın artırılması, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, yerli istehsalatın dünya bazarının çağırışlarına uyğunlaşdırılması, innovativ yanaşmaların tətbiqi ilə fəaliyyətin ekoloji norma və standartlar və beynəlxalq tələblər əsasında təşkil edilməsi, bazar iştirakçılarının fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi, yeni iş yerlərinin yaradılması ilə ölkənin sosial-iqtisadi inkişafına töhfələrin verilməsinə xidmət edir. Daha sonra maraqlı tərəflərin çıxışları dinlənilib, geniş fikir mübadiləsi aparılıb. Müzakirələrin nəticəsində tənzimləyici qurumların və qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı üzrə ixtisaslaşmış şirkətlərin qarşıdakı 1 həftə ərzində təkliflərlə bağlı rəylərinin yazılı formada təqdim etməsi razılaşdırılıb.
Xatırladaq ki, “Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli Sərəncamına əsasən, “AzerGold” QSC qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində mövcud vəziyyətin təhlil edilməsi, müvafiq bazarın öyrənilməsi və aparılacaq təhlillərin nəticəsindən asılı olaraq bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Eyni zamanda, cəmiyyət beynəlxalq standartlar nəzərə alınmaqla, qeyri-filiz faydalı qazıntı yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı sahəsində milli standartların təkmilləşdirilməsi üçün təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli, bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.