1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Dövlətin sahibkarlara təqdim etdiyi dəstək mexanizmləri, bu sahədə yeniliklər və biznesə başlamaq üçün mövcud imkanlar barədə bu dəfə Ağdaş rayonunda fəaliyyət göstərən sahibkarlar məlumatlandırılıblar. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Ağdaş Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilmiş görüşdə kənd təsərrüfatı, heyvandarlıq, qida, mebel istehsalı və inşaat sektorlarında fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib.
Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə və regionda sahibkarlara dəstək və xidmət göstərən müvafiq qurumların nümayəndələrinin iştirakı ilə təşkil olunmuş görüşdə sahibkarlıq fəaliyyəti üçün maliyyə resursları, dövlətin güzəştli kreditləri, torpaq təyinatının dəyişdirilməsi, mühəndis-kommunikasiya xətlərinə qoşulma, yeni bizneslərin yaradılması və bu sahədə rayonun imkanları, sahibkarların məhsul və xidmətlərinin satışına dəstək istiqamətlərində müzakirələr aparılıb.
Görüşdə KOBİA tərəfindən biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün dövlətin dəstək alətləri, bu sahədə yeniliklər, o cümlədən agentliyin göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib.
Sonra görüşdə iştirak edən sahibkarların fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb. Sahibkarlar, xüsusilə də dövlətin biznesin inkişafı üçün mövcud dəstək alətlərindən yararlanmış KOB subyektləri bu mexanizmlərin önəmini vurğulayaraq, dəstək proqramları və təşviqlərin iş adamlarının fəaliyyətinin müasir çağırışlara uyğunlaşdırılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi üçün əhəmiyyətli olduğunu qeyd ediblər.
Ağdaş rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri "İN-VİTRO" MMC-nin tingçilik, "Orelay"ın şokolad və "AKS" MMC-nin PVC profil istehsalı müəssisələrində olub və sahibkarlıq subyektlərinin fəaliyyəti ilə tanış olublar. Bir sıra dövlət dəstəyi alətlərdən yararlanmış sahibkarlar ilə biznesin inkişaf ehtiyaclarına və gələcək planlarına dair fikir mübadiləsi aparılıb.