Martın 13-də müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, nazir ölkələrimiz arasında digər sahələrdə olduğu kimi müdafiə sənayesi sahəsində də əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycanın müdafiə sənayesi sahəsinin inkişaf etdirilməsi baxımından “Baykar” şirkəti ilə mövcud əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonda Vüqar Mustafayev “Bayraktar Teknoloji Azerbaycan” şirkətinin ölkəmizdə müdafiə sənayesi sahəsində fəaliyyətə başlaması üçün xüsusi lisenziyanı Haluk Bayraktara təqdim edib.