“Bayern”in 30 yaşlı almaniyalı dayaq yarımmüdafiəçisi Yozua Kimmix Münhen təmsilçisi ilə yeni müqaviləyə imza atıb.
Arena.az bu barədə Almaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Yenilənmiş müqavilənin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Xatırladaq ki, alman futbolçu ilə əvvəlki müavilə cari mövsümün sonuna qədər qüvvədə idi.
Yozua Kimmix “Bayern”ə 2015-ci ilin iyulunda 8,5 milyon avro məbləğ müqabilində “Ştutqart”dan keçib.
Kimmix cari mövsümdə münhenlilərin heyətində 39 oyuna çıxıb, 1 qol vurub, 10 məhsuldar ötürmə verib.
Kimmixin “Bayern”in heyətində çıxışının ümumi mənzərəsi 429 oyun, 43 qol, 114 məhsuldar ötürmədən ibarətdir.
Yozua Kimmix hazırda kapitanı olduğu, 2016-cı ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 97 oyuna 7 qol və 22 məhsuldar ötürmə ilə fərqlənib. Kimmix bundestimlə 2017-ci il FIFA Konfederasiyalar Kubokunu qazanıb. Həmçinin Yozua Almaniyanın U-19 yığması ilə Avropa çempionatının qalibi olub.
Kimmix “Bayern”in heyətində 8 dəfə Almaniya Bundesliqasının, 3 dəfə Almaniya Kubokunun, 6 dəfə Almaniya Super Kubokunun və hərəsi 1 dəfə olmaqla UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 30 yaşlı alman futbolçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.
