AZ

Yozua Kimmix: “Bayern”də işim hələ bitməyib”

“Bayern”lə müqaviləsini yeniləmiş 30 yaşlı alman dayaq yarımmüdafiəçisi Yozua Kimmix bu barədə duyğusunu paylaşıb.

Arena.az alman futbolçunun müvafiq qənaətini təqdim edir:

“Bayern”də idman məqsədlərimə çatmaq üçün ən yaxşı mühitə sahibəm. Qərarım da buna əsaslanıb. Hazırda mənim üçün maksimum uğura nail olmaq baxımından bundan daha yaxşı komanda yoldaşları, məşqçi heyəti və klub mühiti yoxdur. Burada özümü evdəki kimi hiss edirəm və hələ işim bitməyib”.

Xatırladaq ki, “Bayern” ötən gün Yozua Kimmixin müqaviləsinin müddətini uzatdığını açıqlayıb. Yenilənmiş müqavilənin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Alman futbolçu ilə əvvəlki müqavilə cari mövsümün sonuna qədər qüvvədə idi.

Yozua Kimmix “Bayern”ə 2015-ci ilin iyulunda 8,5 milyon avro məbləğ müqabilində “Ştutqart”dan keçib.

Kimmix cari mövsümdə münhenlilərin heyətində 39 oyuna çıxıb, 1 qol vurub, 10 məhsuldar ötürmə verib.

Kimmixin “Bayern”in heyətində çıxışının ümumi mənzərəsi 429 oyun, 43 qol, 114 məhsuldar ötürmədən ibarətdir.

Yozua Kimmix hazırda kapitanı olduğu, 2016-cı ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 97 oyuna 7 qol və 22 məhsuldar ötürmə ilə fərqlənib. Kimmix bundestimlə 2017-ci il FIFA Konfederasiyalar Kubokunu qazanıb. Həmçinin Yozua Almaniyanın U-19 yığması ilə Avropa çempionatının qalibi olub.

Yozua Kimmix “Bayern”in heyətində 8 dəfə Almaniya Bundesliqasının, 3 dəfə Almaniya Kubokunun, 6 dəfə Almaniya Super Kubokunun və hərəsi 1 dəfə olmaqla UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı alman futbolçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
3
1
arena.az

2Mənbələr