Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına töhfə vermək məqsədilə yaradılan və ölkənin aqrar sektorunun ən iri şirkətlərini birləşdirən "Aqrar Məşvərət Şurası" İctimai Birliyinin 14-cü görüşü keçirilib.
Tədbir "Prime Cotton" şirkətinin təşkilatçılığı və Şura üzvlərinin geniş iştirakı ilə baş tutub.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov Şuranın gələcək fəaliyyət istiqamətləri, dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində qurumdan gözləntilər və aqrar sahə ilə bağlı dövlət layihələri barədə ətraflı məlumat verib.
Daha sonra tədbir çərçivəsində Birliyin yeni sədri "Agro Dairy" MMC-nin İcraçı Direktoru Niyazi Əmirbəyov çıxış edərək “Aqrar Məşvərət Şurası”-nin gələcək fəaliyyəti ilə bağlı fikirlərini bildirib.
"Pambıq və İplik: Azərbaycan iqtisadiyyatının inkişafına töhfə və fermerlərin rifahının yaxşılaşdırılması" sessiyasında "Prime Cotton"un Baş İcraçı DirektoruRövşən Mahmudov "Azərbaycanda Pambıq Sənayesi: Çağırışlar, imkanlar və həllər" mövzusunda təqdimat keçirib. Ardınca Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli "2024-cü ilin Pambıqçılıq Təcrübəsi: 2025-ci ildə görüləcək işlər və perspektivlər" mövzusunda çıxış edib.
Tədbirin sonunda iştirakçılar pambıqçılıq sektorunun inkişafı ilə bağlı aktual məsələləri müzakirə edərək, gələcək üçün vacib təşəbbüsləri nəzərdən keçiriblər.
Yığıncaqda müşahidəçi qismində "Prime Cotton" MMC-nin ana şirkəti "GP Cotton" və Azərbaycan Tekstil Assosiasiyasının rəhbərliyi də iştirak edib.
"Prime Cotton" aqrar sektorun inkişafı və pambıqçılıq sahəsinin güclənməsi istiqamətində dəstəyini davam etdirməyə sadiqdir.