Astarada 35 yaşlı kişi qohumuna xəsarət yetirdi
Astara rayonunda 1990-ci il təvəllüdlü Fəqan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qohumu İlqara (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Astara rayonunun kəndində baş verib. Fəqan kənddə yolun kənarında İlqar ilə arasında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı onun üz nahiyəsindən bir dəfə yumruqla zərbə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Fəqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fəqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü, saat 14 radələrində həyat yoldaşının xalası oğlu İlqar ilə aralarında mübahisə baş verib. Onun sözlərinə görə, hadisədən sonra İlqardan üzr istəyib və onunla barışıb.
Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Fəqanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az