Qabil Hüseynli: “Rusiyanın zəiflədilməsi dünyanın bir nömrəli vəzifəsi olmalıdır”
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Ukrayna böhranı ətrafında cərəyan edən hadisələrlə bağlı “AzPolitika”-nın suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Qabil bəy, Ciddədə ABŞ ilə Ukrayna arasında atəşkəsə dair ilkin razılaşmanı necə dəyərləndirirsiz? Bu hadisəni Ukrayna diplomatiyasının uğuru adlandırmaq olarmı?
- İmzalanmış müqaviləni hansısa şəkildə təqdim etmək çətindir. Bu, zor gücü ilə, Rusiyanın hansısa maraqlarını ödəmək xatirinə ABŞ Prezidenti Donald Trampın yol verdiyi mənasız bir hərəkətdir və bu, tərəfləri sülhə apara bilməz. Ukrayna tərəfi bu atəşkəs rejiminə tabe olub, öz ərazilərini Rusiyaya güzəştə getməyəcək. Trampın bu məsələdə “quyruq bulaması” hər hansı nəticəyə gətirib çıxarmayacaq. Bağlana biləcək saziş atəşkəs sazişidir, sülh sazişi deyil. Bu, Rusiya və Ukrayna arasındakı düşmənçiliyi heç bir zaman aradan qaldıra bilməz. Məncə, bundan sonra 100 il də keçsə bu ölkələr arasındakı düşmənçiliyi aradan qaldırmaq mümkün olmayacaq.
Amerikaya qaldıqda, onun etdiyi hərkətlər demokratik dünyaya, insan haqqlarına, dəyərlərə xəyanətdən başqa bir şey deyil. ABŞ sözün əsl mənasında azad və mədəni dünyanın prinsiplərinə xəyanət etdi. Nəticə etibarilə təcavüzkar və avtoriatr rejimin xəyanətkar hücumlarını müdafiə etdi.
ABŞ-nin bu məsələdə oynadığı rol prosesi həll etmədi, onun daha da uzanmasına və gələcəkdə ağır nəticələrə gətirə biləcəyinə şərait yaratdı. Ukrayna xalqı mübariz və əzmkardır. Onlar bu cür prinsipial sövdələşməyə getməyə heç zaman razı olmayacaqlar. Ukrayna bu günlərdə də Rusiyaya qarşı hərbi əməliyyatlarını davam etdirəcək.
- Amma Avropa İttifaqı, eləcə də Böyük Britaniya atəşkəs razılaşmasını dəstəklədi. Makron bəyan etdi ki, Ukrayna ərazisinə sülhməramlıların yerləşdirilməsi və ölkənin təhlükəsziliyi ilə bağlı fəaliyyətə başlamaq lazımdır. Amma Lavrov qəti şəkildə bəyan etdi ki, heç bir NATO ölkəsinin qoşunları heç bir missiya ilə Ukraynada ola bilməzlər. Bu halda situasiya necə inkişaf edə bilər?
- Böyük Britaniya atəşkəsi dəstəkləsə də, bunu müvəqqəti kompromis kimi qəbul edir. Avropa İttifaqı ölkələri Ukraynaya kömək və öz hərbi gücünü artırmaq üçün 800 milyard dollar ayıracaqlarını bildiriblər. Avropa Rusiyaya qarşı sıx birləşmək məcburiyyətindədir. Burada Macarıstan və Slovakiya istisna olmaqla, yerdə qalan ölkələr Ukrayna ilə həmrəydir. Avropa ölkələri ikinci NATO-nun yaranmas üçün sürətlə işləyirlər. Ukrayna da boş durmur. Öz köhnə hərbi sənaye komplekisni bərpa edir. Ballistik raketlərin itehsalı da nizama salınıb. Nüvə silahının yenidən istehsalı isə hələlik qalır. Bu silahın da layihələri Ukraynada var. Bu silahı istehsal edən alimlərin bir qismi sağdır. Ukraynada bu sahədə püxtələşmiş xeyli şəxslər var.
- Sizcə, Rusiya atəşəkəsə razılaşacaqmı?
- Rusiyanın bu məsələdə pozitiv mövqe nümayiş etdirəcəyinə inanmıram. Bu ölkə dünyanı ilhaq etsə belə gözü doymayacaq. Ölkə faşistləşmiş, nasistləşmişdir. Onunla bir soydan olan slavyan xalqına qarşı amansız müharibə aparan Rusiya, digər xalqlar üçün də problem yaradacaq. Rusiya beynəlxalq təhlükəsizlik sistemi üçün bir bəladır. Rusiyanın zəiflədilməsi, tam gücdən salınaraq əyalət dövlətinə çevrilməsi dünyanın bir nömrəli vəzifəsi olmalıdır. Əks təqdirdə, böyük torpaq ehtiyatları hesabına yenidən iqtisadiyyatını gücləndirəcək və təcavüzkar qüvvəyə çevriləcək. Tamp kimi siyasətdən uzaq adamların bu məsələlərdə olması vəziyyəti daha da gərginləşdirir. Bayden hakimiyyəti bir qədər uzansaydı, indi qələbə Ukraynanın tərəfində idi. Bəlkə də, rus işğalçı qoşunları bir sıra ərazilərdən qovulub çıxarılmışdı. Amerikanın dünyaya ağıl öyrədən Senatı, Konqresi niyə səsini çıxarmır? Demokratiya cəmiyyəti adlandırılan ölkə niyə susub dayanıb? Onlar niyə Ukraynaya tutulan divana qarşı səsini çıxarmırlar?
- Ukrayna Kurskdan çıxır, Donbasda şiddətli döyüşlər gedir, atəşkəs olmasa, AB, Trampın vəd etdiyi kimi Ukraynanı güclü şəkildə dəstəkləyəcəkmi?
- Kurskdan çıxmaq Ukraynanın səhvlərindən biri idi. Düzdür, bunun üçün güc lazım idi, amma bu, Rusiyanı təzyiqdə saxlamaq vasitlərindən biri idi. Oradan çıxarılan qoşunlar Donbas ətrafına yönləndirilə bilər. Donbasda ağır döyüşlər gedir. Orada üstünlük Ukraynanın tərəfindədir.
Avropaya gəlincə, o, Ukraynanı dəstəkləyəcək. Avropa böyük bir ordu qurur. Bu ordu atəş gücünə, şəxsi heyət sayına, qarşıya qoyduğu məqsədə görə Rusiyaya öldürücü zərbə vura bilən qüvvəyə çevriləcək...
Putin atəşkəsə “yox” desə, mən buna sevinərəm. Putin və rus ordusu haqqında çoxlu şişirmələr var. Rusiyanın hərbi sənaye kompleksi bundan artığına qadir deyil. Ölkəyə valyuta daxilolmaları aşağı rəqəmlərə düşüb. Atəşkəsə razı olmayıb nə edəcək? Olmasa, hər gecə ölkənin iri şəhərlərinə dron yağışlarının şahidi olacağıq. O zaman başına hava gələndə biləcək ki, əsl müharibə nə deməkdir.
- Ukraynada seçkilər mümkündürmü, bu ssenari ümumiyyətlə ölkəyə nə vəd edir?
- Müharibə bitməmiş Ukraynada seçki keçirilməyəcək. Trampın və Putinin söylədiyi nağıldır. Sadəcə, diplomatiyada “pişiyim-pişiyim oyunu” gedir...
E.Rüstəmli
E.Bəyməmmədli