AZ

Mingəçevirdə Azərbaycan birinciliyində 100-dən çox idmançı mübarizə aparır - FOTO

Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmə üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyinin açılışı olub.

Bizim.Media xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən birgə təşkil olunan turnirin açılış mərasimində çıxış edənlər bu yarışın avarçəkmə idman növünə marağın artırılması baxımından əhəmiyyətindən söz açıblar.

Sonra birinciliyə strat verilib.
 

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat katibi Vüsal Qurbanovun verdiyi məlumata görə, turnirdə 2007-2012-ci il təvəllüdlü 100-dən çox idmançı müxtəlif yaş kateqoriyalarında akademik, kayak və kanoe növlərində mübarizə aparır.


Bu say ötən illərlə müqayisədə daha çoxdur. İdmançılar akademik növdə 1, 2 və 4 nəfərlik qayıqlarda 500, 1000 və 1500 metr, 1 nəfərlik kanoedə 200, 500 və 1000 metr, 1, 2 və 4 nəfərlik kayakda 200, 500 və 1000 metr məsafədə medal qazanmağa çalışırlar.

“İlk dəfə olaraq ölkədaxili turnirdə 4 nəfərlik kayak qayığında yarışlar keçirilir. Bu isə o deməkdir ki, yarışda daha çox idmançı iştirak edir. Ötən illərlə müqayisədə, bu il yarışa daha peşəkar idmançılar cəlb edilib. Ümumiyyətlə, prioritetlərdən biri spesifik olan bu idman növünə marağı, kütləviliyi artırmaq, yeniyetmə və gənclər arasından güclü, peşəkar idmançılar yetişdirmək, fərqlənənləri milli komandaya cəlb etməkdir”, - deyə Vüsal Qurbanov bildirib.

Birincilik martın 17-də də davam edəcək. Yekunda qaliblər diplom və medallarla mükafatlandırılacaqlar.

Birincilikdə fərqlənənlər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar may ayında keçiriləcək “Prezident kuboku” beynəlxalq reqatasında iştirak edəcəklər. Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilmiş yarış Suqovuşan su anbarında və Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində reallaşacaq.






Bizim.Media

Seçilən
12
4
bizim.media

10Mənbələr