AZ

Avarçəkmə üzrə Azərbaycan birinciliyi yekunlaşıb, qaliblər mükafatlandırılıblar

Mingəçevir, 17 mart, Vüsalə Cənnətova, AZƏRTAC

Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmə üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi keçirilib.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat katibi Vüsal Qurbanovun AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, Gənclər və İdman Nazirliyi ilə Federasiya tərəfindən birgə təşkil olunan turnirdə 2007-2012-ci il təvəllüdlü 100-dən çox idmançı müxtəlif yaş kateqoriyalarında akademik, kayak və kanoe növlərində mübarizə aparıb. Bu say ötən illərlə müqayisədə daha çoxdur. İdmançılar akademik növdə 1, 2 və 4 nəfərlik qayıqlarda 500, 1000 və 1500 metr, 1 nəfərlik kanoedə 200, 500 və 1000 metr, 1, 2 və 4 nəfərlik kayakda 200, 500 və 1000 metr məsafədə medal qazanmağa çalışıblar. İlk dəfə olaraq ölkədaxili turnirdə 4 nəfərlik kayak qayığında yarışlar keçirilib.

Birincilikdə fərqlənənlər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar may ayında keçiriləcək “Prezident kuboku” beynəlxalq reqatasında iştirak edəcəklər. Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilmiş yarış Suqovuşan su anbarında və Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində reallaşacaq.

Avarçəkmə üzrə Azərbaycan birinciliyində əzm nümayiş etdirərək uğur qazanan idmançılar beynəlxalq yarışa daha yaxşı hazırlaşacaqlarını bildiriblər.

Yarışın yekununda qaliblər diplom və medallarla mükafatlandırılıblar.

Seçilən
1
5
azertag.az

10Mənbələr