AZ

"Bu fond Ermənistana sanki hərbi yardım məqsədi ilə yaradılıb" -Şəhla Cəlilzadə

“Cənab Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə və media müsahibələrindəki çıxışları müxtəlif dairələrə verilən mühüm mesajları özündə əks etdirir. Ermənistan və onun havadarları ilə bağlı əsas mesaj ondan ibarətdir ki, Azərbaycan bölgədə münaqişəni alovlandıran və yeni gərginlik ocaqları yaratmağa çalışan qüvvələrin kimliyini aydın şəkildə görür. Məsələn, 44 günlük müharibə zamanı Ermənistanı “İsgəndər-M” raketləri ilə təmin edən qüvvələrin məqsədi nə idisə, bu gün Ermənistana “Sezar” haubitsaları çatdıran, eyni zamanda “Avropa Sülh Fondu” adı altında müharibə maraqlarına xidmət edən milyonlarla dollarlıq yardımlar təqdim edən dairələrin niyyəti də eynidir. Həmçinin EUMA vasitəsilə Ermənistana kəşfiyyat məlumatlarının ötürülməsi də bu siyasətin bir hissəsidir. Qeyd etmək lazımdır ki, ötən ilin iyul ayında Avropa Sülh Fondu Ermənistana 10 milyon avro həcmində hərbi yardım ayırmışdı. Üstəlik, 2025-ci ilin mart ayında yeni 10 milyon avroluq yardım paketi də qəbul edilib”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı zamanı Ermənistanın silahlandırılması məsələsinə toxunub. Dövlət başçısı bildirib ki, Ermənistan yeni müharibəyə hazırlaşır: “Kim onları yenidən müharibəyə sürükləyir? Fransa və onun prezidenti. Onların Ermənistana göndərdiyi məhvedici silahlar bizə qarşı yönəlib. Bu gün dünyanın başqa bölgələrində daha vacib ola biləcək ‘Sezar’ haubitsaları Ermənistana çatdırılır. Əslində, Avropa İttifaqının ‘monitorinq missiyası’ adı altında fəaliyyət göstərən kəşfiyyat qurumu gecə-gündüz sərhədlərimizdə casusluq edir və imkan axtarır ki, hardansa Azərbaycana qarşı bir addım atsın. Bizim də bu dırnaqarası monitorinq missiyası barədə kifayət qədər kəşfiyyat məlumatımız var. Eyni zamanda, ‘Avropa Sülh Fondu’ adı altında milyonlarla dollar Ermənistanın silahlandırılmasına yönəldilir.”

Siyasi şərhçi bildirib ki, görünən odur ki, bu fond sanki məhz Ermənistana hərbi yardım məqsədilə yaradılıb, çünki onun ilk və əsas dəstək verdiyi ölkə məhz Ermənistandır.

“Cənab Prezident açıq şəkildə bəyan etdi ki, əgər Ermənistana sülh lazımdırsa, bu yardımlara ehtiyac yoxdur. Forumun açılışı günü Ermənistan sülh müqaviləsinin bütün bəndləri üzrə Azərbaycanla razılığa gəldiyini bəyan etdi. Belə ki, 17 maddəlik müqavilənin daha əvvəl razılaşdırılmayan iki maddəsi – beynəlxalq instansiyalarda qarşılıqlı iddialardan imtina və sərhəddə üçüncü qüvvələrin yerləşdirilməməsi üzrə qarşılıqlı anlaşma əldə olunub. Ermənistan bu maddələri qəbul etməklə sülh prosesini irəli aparacağını düşünür. Lakin təkcə sülh müqaviləsinin razılaşdırılması yetərli deyil. Əlavə şərtlər də yerinə yetirilməlidir. Bu şərtlərə Ermənistan Konstitusiyasının dəyişdirilməsi (Azərbaycan ərazilərinə iddiaların çıxarılması), Zəngəzur dəhlizi məsələsində razılığa gəlmək, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı və Qarabağ ermənilərinin geri dönüşü məsələlərinin paralel şəkildə həll edilməsi daxildir. Bu məsələlər regional kommunikasiyaların açılması, qayıdış, amnistiya və digər mövzularla yanaşı, sülh müqaviləsindən ayrı bir ikitərəfli razılaşma tələb edir. Lakin bu istiqamətdə hələlik konkret razılaşmalar yoxdur. Bundan əlavə, belə bir mühüm beynəlxalq tədbir zamanı Ermənistanın yaydığı bəyanat dünya ictimaiyyətinə özünü “sülh göyərçini” kimi təqdim etmək cəhdindən başqa bir məqsəd güdmür. Xatırladaq ki, COP29 ərəfəsində də Ermənistan 17 maddədən 15-ni razılaşdırdıqlarını və sülh müqaviləsini imzalamağa hazır olduqlarını bildirmişdi. Lakin real vəziyyət fərqlidir – Ermənistan yeni müharibəyə hazırlaşır.

Bunu sübut edən bir neçə amil var:

• Naxçıvanla sərhəddə yeni istehkamların qurulması,

• Sülh danışıqlarının başa çatdığının elan edilməsindən sonra iki ölkə sərhədində bir gündə üç təxribatın baş verməsi,

• Keçmiş qondarma rejimin qalıqlarının Ermənistandakı nümayəndəliyinin hələ də Azərbaycana qarşı fəaliyyət göstərməsi və bu fəaliyyətlərin Ermənistan hökuməti ilə koordinasiya olunması”.

Siyasi şərhçi sonda əlavə edib ki, bütün bunlar Ermənistanın hələ də real sülhə hazır olmadığını və səsləndirdiyi sülh çağırışlarının sadəcə imitasiya xarakteri daşıdığını göstərir:

“Əgər təxribatlar davam edərsə, sülhə məcburetmə əməliyyatı qaçılmaz olacaq. Ermənistan beynəlxalq dəstəyə güvənərək yeni müharibəyə başlamaq xülyasına qapılmamalıdır. 2008-ci il Gürcüstan hadisələri, Suriya və Ukrayna müharibələri, eləcə də 44 günlük Vətən müharibəsi onu göstərdi ki, belə ssenarilərin sonu Ermənistan üçün daha ağır nəticələrlə bitə bilər. Buna görə də, Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul etməli, gələcək nəsillərə revanşist ideyalar ötürməkdən əl çəkməli və Cənubi Qafqazda real və davamlı sülhün bərqərar olması üçün çalışmalıdır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Seçilən
17
48
aznews.az

10Mənbələr