"13 martda paytaxtımızda keçirilən XII Qlobal Bakı Forumunda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla 17 maddəlik sülh sazişi mətninin bütün müddəalarının razılaşdırıldığını bəyan etdi".
Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, indiyə kimi həmin 17 maddədən ikisi ilə bağlı razılıq əldə olunmamışdı:
"Onlardan biri beynəlxalq məhkəmələrdə qarşılıqlı iddialardan əl çəkmək, digəri isə sərhədboyu ərazilərdə başqa dövlətlərin qüvvələrinin olmaması məsələsi idi. Yəni Ermənistanın 2022-ci ilin oktyabrdan sərhədboyu ərazilərə yerləşdirdiyi qüvvələrin çıxarılması ilə bağlı razılaşma əldə olunub. Hansı ki, yaxın tarixdə Ermənistan Avropa İttifaqı ilə həmin qüvvələrin sərhədyanı ərazilərə yerləşdirilmə müddətinin artırılmasına razılaşmışdı".
Ekspert vurğulayıb ki, əgər sülh sazişinin mətnində razılıq əldə ediriksə, deməli Ermənistan sərhədboyu ərzazilərə yerləşdirdiyi qüvvələrin aid olduğu dövlətlərlə də bu məsələni müzakirə etməlidir:
"Çünki sözügedən qüvvələrin aid olduğu dövlətlər ard-arda Azərbaycanla Ermənistan arasındakı sülh sazişinin mətninin razılaşdırılmasını təqdir etdiklərini, bunu dəstəklədiklərini açıqlayırdılar. Hətta tezliklə sülh sazişinin imzalanması ilə bağlı da çağırış etdilər. Belə vəziyyətdə biz nəinki ora əlavə qüvvələrin yerləşdirilməsinə, əksinə, onların çıxarılması ilə bağlı addımların şahidi olmalıyıq. Ancaq bunun əksi yaşanır".
Xəyal Bəşirov Avropa İttifaqının Ermənistana yeni patrul göndərməsinin də səbəblərindən danışıb:
"Sülhdən dəm vuran dövlətlər faktiki olaraq addımlarında Ermənistan kimi sülhə qarşı olan mahiyyət ortaya qoyurlar. Əgər onlar Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılmasını dəstəkləyirlərsə, onda nə üçün yeni patrul göndərirlər?
Hansı ki, sülh sazişinin maddələrindən biri də məhz kənar qüvvələrin sərhədyanı ərazilərdən çıxarılmasıdır. Onda Ermənistana yenidən patrul göndərməkdə məqsəd nədir? Təbii ki, burada qeyri-səmimilik və saxtakarlıq özünü göstərir. Onlar, sülhdən yana deyillər. Sözdə, şifahi bəyanatlarda sülhdən danışan real əməldə yürüdülən siyasətdə isə sülhə qarşı olurlar".
Müsahibimiz sözlərini belə yekunlaşdırıb:
"Ermənistan və ona havadarlıq edən qüvvələr sülh müqaviləsinin imzalanmasına əngəl olmağa çalışırlar. Buna görə də, Ermənistanı silahlandırmaqla növbəti revanşist müharibəyə hazırlayırlar. Bunun isə məsuliyyətini ilk olaraq Ermənistan daşıyacaq. Əgər qarşıdurma və ya müharibə olacaqsa, zərbə məhz Ermənistana dəyəcək".
Pərviz