Üç il əvvəl Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayanda onun iqtisadi cəhətdən zəifləyəcəyi, çökəcəyi haqqında proqnozlar verilirdi. Lakin 2025-ci ildə fərqli tabloya şahidlik edirik.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Rusiya sanksiyalar altında müharibə aparmağa davam edərək, artıq öz şərtlərini diktə etməyə başlayıb.
Belə ki, bir neçə gün əvvəl Ukrayna və Rusiya arasında müvəqqəti atəşkəs təklifi üçün çağırışlardan sonra Rusiya Prezidenti Vladimir Putin ilk dəfə öz şərtlərini mediaya açıqladı: “Biz hərbi əməliyyatların dayandırılması ilə bağlı təkliflərlə razıyıq, lakin onlar elə olmalıdır ki, uzunmüddətli sülhə gətirib çıxarsın və böhranın ilkin səbəblərini aradan qaldırsın”.
Daha sonra əlavə edib ki, məsələdə “nüanslar” var. Rusiya ordusu cəbhədə, ilk növbədə, Kursk bölgəsində üstünlük əldə etdiyi halda, Ukrayna Silahlı Qüvvələrinin bu vaxtdan yenidən silahlanma üçün istifadə etməyəcəyinə zəmanət verməlidir.
Öz növbəsində Ukrayna Prezidenti Vladimir Zelenski növbəti dəfə Rusiya tərəfinin müharibənin davam etməsində maraqlı olduğunu vurğulayıb. O bildirib ki, bu həftə onların şəhərlərinə yüzlərlə hücum həyata keçirib: “Ruslar 1020-dən çox pilotsuz uçan aparatı, 1360 idarə olunan aviabomba və 10-dan çox müxtəlif tipli raketlər buraxıblar. Bütün bunlar heç də müharibənin tezliklə bitməsi üçün atılan addımlar deyil”.
Ukrayna Prezidenti hesab edir ki, Rusiyanı sülhə məcbur etmək üçün sanksiyalar artırılmalı və “qətiyyətli tədbirlər” görülməlidir.
Qeyd edək ki, martın 11-də Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında müharibənin sülh yolu ilə həlli üzrə danışıqlar aparılıb. Görüşdən sonra Kiyevin ABŞ-nin 30 günlük atəşkəs elan edilməsi təklifi ilə razılaşdığı bildirilib. ABŞ dövlət katibi Marko Rubio qeyd edib ki, top hazırda Rusiyanın meydançasındadır. O, Rusiyanın müsbət cavab verəcəyi təqdirdə atəşkəsin qüvvəyə minəcəyinə işarə edib. Bundan sonra dövlət katibinin fikrincə, sülh danışıqları başlamalıdır.
Martın 11-də “The Washington Post” öz məxfi mənbələrinə istinadən bildirib ki, Rusiya Prezidenti Ukrayna üzərində tam və mütləq hökmranlığa nail olmaq istəyindən vaz keçməyib və müharibəni dayandırmağa hazır deyil. Qəzet qeyd edir ki, məlumat ABŞ kəşfiyyatının məxfi hesabatında yer alıb və bu sənəd martın əvvəlində prezident Donald Trampın komandası arasında yayılıb.
Bu məlumatlar fonunda Ukraynada adi insanlar arasında sorğu aparılıb. İnsanlar müharibədən, ölüm-itimdən yorulduqlarını bildiriblər. Lakin respondentlərin əksəriyyəti bu atəşkəsin və hətta sülhün dayanıqlı olmayacağını deyirlər. Ukraynalıların fikrincə, sülh əldə olunsa belə Putin hər an yenidən hücuma keçə bilər.
Bəs müharibəni davam etmək üçün Rusiyanın gücü varmı?
2022-ci ildə Qərb sərt sanksiyalar tətbiq edəndə Aİ və ABŞ bunun sayəsində Rusiya iqtisadiyyatını və hərbi sənayesini iflic vəziyyətinə salacağı anonsunu verirdi.
Lakin hər ötən gün Rusiya Ukraynaya qarşı hücumunu daha da sərtləşdirir və sahədə az-çox irəliləyir.
Bundan əlavə Rusiya sənayesini müharibə rejiminə keçirərək ağır texnika istehsal edərək daxili təminat hesabına müharibəni davam etdirir. Hər gün daha çox fabrik və zavodlar silah istehsalına keçir və ölkənin büdcəsi maksimal dərəcədə müharibəyə istiqamətlənir.
Təbii ki, bu məsələdə Rusiyanın sanksiyalardan yayınması da az rol oynamır. Belə ki, Rusiya Çin, İran, Ermənistan, Şimali Koreyadan silah və texnika üçün əsas komponentlər əldə edir. Və iqtisadi əlaqələrini bu istiqamətdə genişləndirir.
Canlı qüvvənin itkisi isə Rusiya üçün heç bir problem və çətinlik yaratmadı. Ən müxtəlif mənbələrin göstərdiyi rəqəmlərə görə Rusiya bu üç ildə 800 mindən bir milyona qədər canlı qüvvə itirib. Lakin bu da ölkə daxilində narazılığa səbəb olmayıb.
Müharibədə ölən və yaralananlar üçün ödənilən kompensasiya əhalinin məsələyə daha dözümlü yanaşmasına səbəb oldu. Ucqar region əhalisi oğlunun, ərinin ölümünə görə “tabut pulu” hesabına sosial rifahını yüksəltdi, indiyə qədər görmədiyi günlər əldə etdi.
Lakin ekspertlər hələ də düşünür ki, bu qədər kompensasiya, muzdlu döyüşçülərə, silah və sursatlar üçün xərclənən pullar bir gün tükənəcək, iqtisadiyyat böhrana düşəcək. Maraqlıdır ki, bu qədər ekspert niyə hələ də dəqiq zaman kəsiyini müəyyən edə bilmir?
O zaman ortaya bu tezis çıxır – Ukrayna-Qərb cəbhəsi Rusiyaya bundan sonra nə qədər müqavimət göstərə biləcək?
Mütləq şəkildə qeyd etməliyik ki, Qərb artıq bu müharibədən yorulduğunu bu və ya digər kanallar vasitəsilə ifadə edir.
Müharibə dövründə Ukraynaya ən çox dəstək verən ABŞ isə bu gün Tramp və onun yeni komandasının simasında hər dəfə təşrif buyuran Zelenskinin milyardlarla dollar aparmasına qarşı olduğunu açıq mətnlə bildirdi.
Yeri gəlmişkən, sosial sorğulara istinadən anlaya bilərik ki, orta statistik ABŞ vətəndaşı onun ödədiyi vergi hesabına müharibənin davam etməsinə qarşıdır. Amerikalılar düşünür ki, bu məbləğ elə daxili iqtisadiyyatın dirçəlməsi üçün xərclənməlidir.
Bəs ABŞ əlini Ukraynanın üzərindən tam çəksə nə baş verəcək?
İlk növbədə “əlini çəkmək” kartını Tramp və onun komandası oynamaqda israrlı görünür. Tramp eyni zamanda Rusiyaya da təzyiq göstərməkdə davam edir. O, Rusiyaya qarşı bir sıra sanksiyaları ehtiva edən fövqəladə vəziyyət rejimini daha bir il uzadıb. Bundan əlavə Tramp yeni Rusiyaya qarşı yeni sanksiyalar da tətbiq edəcəyi anonsunu verib. Bu barədə o, “Truth” sosial şəbəkəsində yazıb.
“Rusiyanın Ukraynaya qarşı davam edən hücumlarına əsaslanaraq, yekun atəşkəs əldə olunana qədər Moskvaya qarşı geniş bank sanksiyaları və tariflər tətbiq etməyi düşünürəm”, – deyə Tramp bildirib.
ABŞ liderinin “Rusiya və Ukraynaya mesajım: Çox gec olmadan indi masaya gəlin” mesajının altında nəyin durması da sual altındadır.
Trampa yaxın dairələr bildirir ki, hər vəchlə sülhün əldə edilməsi, bu tarixi məsələnin məhz onun adıyla bağlı olması, prezidentin Nobel sülh mükafatını əldə etməsi prinsipial məsələdir.
Sülhün əldə olunması üçün ABŞ Ukraynanın yardım sorğusunu inkar etsə, nə baş verə bilər?
İlk növbədə sursat və hərbi texnika çatışmazlığı. İkinci növbədə Ukrayna ordusunda ruh düşkünlüyü və döyüşlərin daha az effektiv olması. Üçüncüsü isə Ukraynanın sülhə məcbur edilməsi baş verə bilər.
Bu isə o deməkdir ki, Ukrayna xəritə üzərindən tam silinə bilər. Bu da öz növbəsində digər Avropa ölkələri üçün təhlükə yaradır.
Müharibənin bitməsi üçün isə bunlardan biri daha tez çökməlidir. Ya Qərbin səbri birinci təslim olmalı, ya Rusiya iqtisadiyyatı birinci çökməlidir, ya da Ukraynanın döyüş qabiliyyəti.
Və ya hər üçü bu müharibədən yorulduğunu açıq ya aşkar etiraf edərək, simasını qorumaqla müəyyən razılığa gəlməli, ən azı qısamüddətli sülhə nail olmalıdır.
Əks halda deyəsən Trampın ifadəsi doğru çıxacaq: “Çox gec olmadan”…