“Biri silah verirdi, biri siyasi dəstək verirdi, biri iqtisadi imtiyaz verirdi"
“İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib. Bizim Qələbəmiz isə tamdır və bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir”.
Modern.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində sakinlərlə görüşdə deyib.
Prezident bildirib ki, ermənilər işğal dövründə elə güclü istehkamlar qurmuşdular ki, onları yarmaq həm qəhrəmanlıq, həm də peşəkarlıq tələb edirdi.
“Hətta bir çoxları əmin idi ki, biz heç vaxt o müdafiə xətlərini keçə bilməyəcəyik. Çünki relyef düşmənin xeyrinə işləyirdi, illər boyu qurduqları mühəndis istehkamları onların xeyrinə işləyirdi”.
Dövlət başçısı Ermənistana havadarlıq edən dövlətlərdən də danışıb:
“Xarici qüvvələr, xarici ölkələr onların arxasında idi - ilk növbədə, guya bu məsələ ilə məşğul olmaq mandatını alan ATƏT-in Minsk qrupu. Onların əsas məqsədi bu münaqişəni əbədi etmək, torpaqlarımızı əbədi işğal altında saxlamaq, gözdən pərdə asmaq, bizim başımızı aldatmaq və sonsuz danışıqları aparmaqla bu reallığı bizə qəbul etdirmək idi. Onların hər üçünün məqsədi bu idi, burada bunların üçü də bir amal uğrunda birləşmişdi. Halbuki bu ölkələrin arasındakı indiki münasibətlər göstərir ki, bu, çox nadir bir hal idi. Yəni, nəyi göstərirdi, hər üçü Ermənistanın arxasında idi, hər üçü müxtəlif yollarla Ermənistanı dəstəkləyirdi. Biri silah verirdi, biri siyasi dəstək verirdi, biri iqtisadi imtiyaz verirdi. Bax, biz buna qarşı mübarizə aparmışıq, buna qarşı müharibə aparmışıq”.
İlham Əliyevin sözlərinə görə, İkinci Qarabağ müharibəsi başlayanda bilinmirdi kim özünü necə aparacaq:
“Mən böyük gücləri nəzərdə tuturam. Belə bir ağır siyasi mühitdə, belə bir ağır relyefdə, belə bir ağır istehkamlarla dolu olan ərazilərdə cəmi 44 gün ərzində düşməni böyrü üstə qoymaq xalqımızın gücünü göstərir. Ancaq o vaxt da biz bilirdik, əminəm ki, siz də bilirdiniz, bütün xalq bilirdi ki, bu, necə deyərlər, işimizin hələ tam başa çatması deyil. Çünki müəyyən səbəblərə görə separatçılar hələ ki, bizim torpaqlarımızda öz yuvalarını saxlamışdılar, sülhməramlı qüvvələr bölgəmizə gətirilmişdi və bu da separatçılara, necə deyərlər, əlavə ürək-dirək verirdi. Onlar da hesab edirdilər ki, belə olan vəziyyətdə o separatçılıq davam edəcək və digər müxtəlif hadisələr baş vermişdir. Ancaq onlar bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının və dövlətinin iradəsi, qətiyyəti, cəsarəti, öz gücünə əminliyi idi. Onlar bunu hesablaya bilməmişdilər. İlyarım bundan əvvəl birgünlük antiterror əməliyyatı separatçılığın kökünü kəsdi, onunla da məsələ bitdi, onların kitabı bağlandı".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta