AZ

Arvadını qətlə yetirən kişi: “Qızımın ailəsini dağıtdı, məni bezdirdi”

Bakının Qaradağ rayonunda 1970-ci il təvəllüdlü Məmməd ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Kəmaləni (adlar şərti verilib – red.) qətlə yetirib.

Yenicag.az Teleqraf.com-a istinadla xəbər verir ki, Məmməd ailə münasibətləri zəminində yaranmış davamlı mübahisələrdə arvadı Kəmaləni günahkar bilib. 11 yanvar 2024-cü ildə saat 19:00-da yaşadığı Qobustan qəsəbəsindəki evinə gəlib, Kəmaləyə bıçaqla ardıcıl zərbələr vurub. Qadın aldığı zərbələrdən ölüb.

İstintaq orqanı tərəfindən Məmmədin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

“Övladlarıma görə göz yummuşam”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məmməd ifadəsində göstərib ki, Kəmalə ilə 1992-ci ildə ailə həyatı qurub, birgə nikahdan dörd övladı var: “Ailə qurduğumuz ilk illərdə normal dolansaq da, təxminən iki-üç il sonradan hadisə baş verənədək münasibətlərimiz yaxşı olmayıb. Tez-tez evdə aramızda mübahisə, dava-dalaş baş verib. Lakin düşmənçiliyimiz olmayıb. Kəmalə mənimlə heç bir ciddi əsas olmadan çox vaxt evdə mübahisə, söz-söhbət yaradıb. Mən isə övladlarımın xətrinə onun bu kimi mübahisələrinə göz yummuşam”.

“Oğluma zəng edib dedim ki, anan imkan vermir”

Məmmədin sözlərinə görə, sonuncu dəfə Kəmalə ilə aralarında ciddi mübahisələri qızı Samirənin boşanması ilə bağlı olub: “Kəmalə ana olsa da, qızının ailəsini dağıtdı. Onu boşatdırdıqdan sonra əvvəlcə Bakı şəhərinin hansısa rayonunda kirayə tutduğu mənzildə yaşamasını istədi. Lakin mənim etirazımdan bir neçə gün sonra Samirə həmin mənzildən çıxaraq bizimlə birgə, bəzən də qardaşı Əhmədin evində yaşamağa başladı.

Samirənin ailəsinin dağılmasında günahı həyat yoldaşım Kəmalədə gördüyüm üçün onu bağışlamamışam, tez-tez aramızda buna görə mübahisələrimiz olurdu. Kəmaləni qızım Samirənin boşanmasında səbəbkar gördüyüm üçün artıq bezmişdim. Altı-yeddi ay idi ki, onu öldürmək istəyirdim. Hətta böyük oğluma zəng edərək demişdim ki, ananla yola getmirik, mübahisə edir, imkan vermir rahat yaşayam. Amma oğluma, eləcə də digər şəxslərə Kəmaləni öldürmək istədiyimi deməmişəm. Bu haqda heç kimin məlumatı da olmayıb”.

“Qərara gəldim ki, arvadımı öldürüm”

Məmməd qeyd edib ki, Kəmalə ilə aralarında olan mübahisələrlə bağlı oğlu Nəsibə danışıb, Nəsib də 2024-cü ildə Rusiyadan Bakı şəhərinə gəlib: “Lakin həmin vaxt görüşmədik, heç bir söhbət etmədik. Növbəti gün, saat 19 radələrində yuxudan oyandım, evdən çıxaraq işə getdim. Digər oğlum Əhmədlə eyni müəssisədə işləsək də, müxtəlif sexlərdə çalışdığımız üçün həmin gün onunla iş yerində görüşmədim.

Saat 16:30-da işdən çıxıb təkbaşına yaşadığım Qobustan qəsəbəsinə gəldim. Qəsəbənin ərazisində xeyli təkbaşına gəzdim. Qəti qərara gəldim ki, arvadım Kəmaləni evdə bıçaqlayaraq öldürüm. Bu barədə heç kimə heç nə demədən saat təxminən 19 radələrində evə gəldim.

Darvazanı döydüm, azyaşlı qızım Səlimə darvazanı açdı. İçəri, həyətə keçərək qızımla mehriban görüşdüm, üzündən öpdüm. Ondan evdə kimin olduğunu soruşdum. “Mamam qonaq otağındadır, qaqam isə öz otağında yatır” dedi.

Səliməyə dedim ki, sən keç qardaşının otağına, mən gəlirəm. Evin giriş qapısından içəri keçdikdə Səlimə sol tərəfdə olan otağa, yəni oğlumun yatdığı otağa girdi, qapını örtdü. Mən isə sağ tərəfdə olan qonaq otağına girdim. Otağın qapısını örtdüm, amma açarla içəridən bağlamadım”.

“Boynundan “fışqırtı” ilə qan ətrafa səpələndi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, qonaq otağında həyat yoldaşı Kəmalədən başqa heç kim olmayıb: “Arvadım divanda uzanıqlıydı, lakin yatmamışdı. Mənim otağa girdiyimi görsə də, ayağa qalxmadı, əlindəki mobil telefona baxmağa davam etdi. Yaxınlaşaraq Kəmalənin baş nahiyəsinin yaxınlığında, ayaq üstə dayandım, alçaq səslə: “Niyə belə hərəkətlər edirdin, niyə belə səhvlərə yol verirdin?” deyə soruşdum.

Kəmalə isə eyni səs tonuyla: “Yaxşı eləmişəm, sənlik heç nə yoxdur, nə edirəm, düz edirəm, sən kimsən ki?” cavabını verdi. Kəmalənin bu sözlərindən sonra əsəbləşərək cibimdə əvvəllər də gəzdirdiyim, bir tərəfi qara, digər tərəfi yaşıl rəngdə olan, üzərində insan başı skeleti naxışlanmış, avtomatik qatlanan, düyməli cib bıçağını çıxararaq düyməsini basdım. Tiyə avtomatik olaraq açıldı və qəflətən divanda uzanıqlı halda olan həyat yoldaşımın sol tərəfdən çiyin, boyun nahiyələrinə, yuxarıdan aşağı istiqamətdə olmaqla bir neçə dəfə bütün gücümlə möhkəm zərbələr vurdum.

Kəmalənin heç bir səs gəlmədi. Lakin xəsarətlərin yerindən, əsasən də boyun hissəsindən qan ətrafa səpələndi. İlk zərbələrdən ayağa qalxmaq istədi. Zərbələri davamlı vurduğum üçün divanın qarşı istiqamətində döşəmənin üzərinə yıxıldı. Bıçaqla ümumilikdə ona 5-6 dəfə zərbə vurdum.

Kəmalə döşəmənin üzərinə yıxıldıqdan sonra bıçağı cibimə qoydum. Sonra qonaq otağının qapısını açaraq dəhlizə çıxdım. Ətrafda heç kim yox idi. Qonaq otağının qapısını örtüb həyətə çıxdım”.

“Ata, sən nə etdin?”

Məmmədin ifadəsinə görə, yolla bir neçə addım getdikdən sonra böyük oğlunun qaça-qaça evə tərəf gəldiyini görüb: “Yanıma çatdıqda bir kəlmə: “Ata, sən nə etdin?” dedi. Mən də cavab verdim: “Öldürdüm”. Piyada yoluma davam etdim. Qobustan qəsəbəsi ərazisində bir az gəzdim, gedib dəmiryolunda oturdum.

Yadımda qalmayan hansısa mağazadan yarım litrlik araq aldım, butulkanı başıma çəkərək bir qədər içdim. Təxminən iki-üç saat qəsəbənin ərazisində tək gəzdikdən sonra Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə gedərək könüllü təslim oldum. Əməlimdən peşmanam”.

Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı Kəmalənin özü onu bu cinayəti törətməyə vadar edib: “Məni çox bezdirir, hərəkətləri ilə çox əsəbləşdirirdi. Qızım Samirənin boşanmasından sonra isə Kəmalənin günahkar, səbəbkar olduğunu düşünürdüm”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məmməd 9 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Seçilən
13
4
yenicag.az

10Mənbələr