AZ

İmamoğlunun ən böyük səhvi… – Hasan Oktayla SENSASİON MÜSAHİBƏ

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) sədri Əkrəm İmamoğlunun saxlanılması yalnız Türkiyədə deyil, Azərbaycanda da böyük maraqla, təəccüblə qarşılanıb.

Mövzu ilə bağlı Türkiyədə Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri Prof. Dr. Hasan Oktay Globalinfo.az -a müsahibə verib.

– Əkrəm İmamoğlu martın 23-də keçirilməsi nəzərdə tutulan və partiya üzvlərinin CHP-nin prezidentliyə namizədini müəyyən edəcəyi ilkin seçkidə yeganə namizəd kimi iştirak etməli idi. Onun həbsindən sonra bu namizəd sizcə kim olacaq?

– Türkiyədə prezident seçkiləri həmişə ağrılı olub, lakin bu dəfə mübarizə hələ seçki marafonundan öncə başlayıb. Hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olarkən söylədiyi şeirə görə mühakimə olunmuş və 3 aylıq həbs edilmişdi. Həbsdən çıxandan sonra siyasi partiya yaradıb, əvvəlcə baş nazir, sonra isə prezident olub. AKP hökuməti prezidentlik prosesini bu cür başladan üsulun hazırda Əkrəm İmamoğlu tərəfindən istifadə edilməsini istəmir. Ona görə də İmamoğlu ilə bağlı belə bir istintaq prosesi başladıldı. Əkrəm İmamoğlunun da səhvi çoxdur, çünki prezident seçkilərinə hələ üç il qalmasına baxmayaraq, namizəd olmaq məsələsində əlindəki bütün arqumentlərdən istifadə edərək, az qala partiyasını buna məcbur və məhkum edib. İndi də prezident seçkilərinə qədər Əkrəm İmamoğlunun diplomu ləğv olunarsa onun namizəd olma şansı demək olar, qalmır. Çünki Türkiyədə prezidentliyə namizəd olmaq üçün 4 illik universitet məzunu olmaq lazımdır. Buna baxmayaraq, yaxın günlərdə Cümhuriyyət Xalq Partiyası Əkrəm İmamoğlu üçün elan etdiyi ilkin prezident seçkisini keçirəcək. Əkrəm İmamoğlu özünü prezident elan etmək məsələsində partiyasını küncə sıxışdırıb az qala onları buna məcbur edərkən bir faktı görməzdən gəlib. Türkiyə seçicilərinin 70%-i sağçı, 30%-i isə solçudur. Cümhuriyyət Xalq Partiyası təkbaşına namizəd irəli sürdüyü zaman o, namizədinin 25%-dən çox səs ala bilməyəcəyini görməzdən gəlib və faktiki olaraq Ərdoğanın qarşısında Əkrəm İmamoğlu ilə uğur qazanma şansını riskə atıb. Prezident seçkilərində qalib gəlmək üçün CHP-çilərin səsləri kifayət etmirsə, cəmiyyətin bütün təbəqələrinin səs verəcəyi bir namizədə ehtiyac var.

– İstanbul Universiteti Əkrəm İmamoğlunun diplomunun ləğv edildiyini açıqlayıb. Qərar qüvvədə qalarsa, o, qarşıdakı prezident seçkilərində namizəd ola bilməyəcək. İstanbul Baş Prokurorluğu İmamoğlu və saxlanılan digər şübhəliləri PKK terror təşkilatına yardım və rüşvətxorluqda ittiham edib. Bütün bunlar İmamoğlunun siyasi karyerasına necə təsir edəcək?

– Korrupsiya və digər cinayətləri bir kənara qoysaq, Əkrəm İmamoğlunun diplomunun ləğvi özlüyündə onun prezidentliyə namizədliyinə ən böyük maneədir. Digər ittihamlar sübuta yetirilsə və buna görə mühakimə olunsa, cəzalandırılsa, Əkrəm İmamoğlu yenidən prezident olmaq şansını sıfıra endirmiş olacaq. Bütün bunlar baş verməsə belə, Əkrəm İmamoğlu Cümhuriyyət Xalq Partiyasının prezidentliyə yeganə namizədi kimi seçicilərin qarşısına çıxanda uğur qazanmaq şansı yoxdur. Çünki türk seçicilərin 70 faizi sağçı, 30 faizi isə solçu partiyaya səs verməlidir. Bu baxımdan Əkrəm İmamoğlunun Cümhuriyyət Xalq Partiyasının vahid namizədi olaraq seçicilər qarşısında dayandığında uğur qazanmaq şansı çox aşağıdır.

– Ötən gün dollar ilə avronun məzənnəsində, eləcə də qızılın dəyərində yüksəliş müşahidə olunub. Bu davamlı şəkil alarsa, əhalinin sosial durumuna, bazar qiymətlərinə və ümumilikdə iqtisadiyyata necə təsir edəcək?

hasan

Hasan Oktay

– Türkiyədə ciddi iqtisadi böhran yaşandığı bir vaxtda müxalifət partiyaların bu böhranı gündəmə gətirib hökuməti küncə sıxışdırmalı, lazım gələrsə hökuməti istefaya məcbur etməli olduğu bir zamanda Əkrəm İmamoğlunun özünü vaxtından əvvəl prezidentliyə namizəd kimi göstərməsi iqtisadi böhranı unutdurub və hökumətin işinə yarayıb. Hökumət Əkrəm İmamoğlu əməliyyatı ilə Ərdoğanın ilk xəbərdarlığını təmin etdiyini düşünür. Ancaq Türkiyə iqtisadiyyatı 15%-lik böyük bir itki ilə üzləşib. Demokratik ölkələr üçün “seçki ilə gələn seçki ilə gedir” hökmü xarakterikdir. Ədalət və İnkişaf Partiyası 25 illik hakimiyyətinin bitməyəcəyini düşündüyü üçün Əkrəm İmamoğluna tətbiq etdikləri üsulla seçki prosesində rəqiblərini sıradan çıxarmağın bir fəzilət olduğunu düşünür, halbuki demokratik ölkələrdə ən vacib şərt seçkidir.

– Türkiyənin daxilində baş verən bu proseslər dövlətin xarici siyasətində, beynəlxalq müstəvidə necə əks olunacaq?

– Cənubda İrandan İsrailə qədər böyük bir böhran yaşanarkən, Türkiyənin üç ildən sonra keçiriləcək prezidentlik gündəminə diqqətini cəmləşdirməsi son dərəcə risklidir. Türkiyənin adlarını çəkdiyim bölgələr üçün örnək olması lazım olduğu halda, bu bölgələrin qeyri-demokratik idarəçilik üsullarının Türkiyə üçün nümunə olmağa başlaması çox üzücüdür. Xüsusilə Amerikanın Avropa üzərindəki təhlükəsizlik çətirini geri çəkməsi, Avropanın rahatlıqdan çıxıb təhlükəsizlik vasitələrindən istifadə etməyə çalışması və tərəfdaş olaraq Türkiyəni seçməsi kimi son dərəcə əhəmiyyətli bir imkan yaranmışdı. Türkiyə bu fürsətdən yararlanmaq əvəzinə 3 ildən sonra keçiriləcək prezident seçkilərini gündəmə gətirməklə Türkiyənin xarici siyasətdə imicini aşağı saldı. Tramp-Putin danışıqları, Ukraynanın gələcəyi, Avropa Birliyinin təhlükəsizlik və müdafiə ehtiyacları, Türk Dövlətləri Təşkilatının necə irəliləyəcəyi kimi ciddi problemlər mövcud ikən Türkiyənin bu əməliyyatla mənfi imic qazanması son dərəcə üzücüdür.

Seçilən
13
50
turkustan.az

10Mənbələr