“ “HƏMAS”-ın bundan sonra yenidən güclənmək imkanı da yoxdur. Lap güclənsə də, yenə də İsrailə qalib gəlmək iqtidarında deyil...”
“İsraildə əsir qalan fələstinlilərin hamısı “HƏMAS” tərəfdarı deyil. Bütün bunlara görə etiraz edənləri başa düşmək lazımdır. Çünki onlar yaxşı anlayırlar ki, hərbi əməliyyatların davamı yenə də uşaqların, qadınların, qocaların qətli deməkdir”.
Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənov bu fikirləri Moderator.az əməkdaşının “Son məlumatlara görə, Qəzzada artıq bütün zolağı bürüməkdə olan “HƏMAS”-a qarşı müharibəni dayandırmaq tələbi ilə etdiyi etirazlar İsrail kəşfiyyatı və ya digər hansısa xarici qüvvələr tərəfindən körüklənmir ki” sualını cavablandırarkən dilə gətirib.
“Hesab edirəm ki, Qəzzada “HƏMAS”-a qarşı son etirazlar məhz orada yaşayan xalqın öz təşəbbüsü ilə baş verir. Əvvəla, orada 50 minə qədər insan həlak olub. İkincisi də, qəzzalılar arasında heç də hamı “HƏMAS”-ın tərəfində deyil. Üçüncüsü də, hər kəs başa düşür ki, bu müharibənin sonu yoxdur. Ona görə ki, “HƏMAS”-ın bundan sonra yenidən güclənmək imkanı da yoxdur. Lap güclənsə də, yenə də İsrailə qalib gəlmək iqtidarında deyil”, - diplomat belə deyib.
“İsraildə əsir qalan fələstinlilərin də hamısı “HƏMAS” tərəfdarı deyil. Bütün bunlara görə, etiraz edənləri başa düşmək lazımdır. Çünki onlar yaxşı anlayırlar ki, hərbi əməliyyatların davamı yenə də uşaqların, qadınların, qocaların qətli deməkdir. Qəzzadakıların böyük əksəriyyəti elə dinc şəraitdə də yoxsulluq içində, çətinliklə dolanan əhali olub. Amma bir var çətinliklə də olsa, dolanasan, bir də var həm yoxsul olasan, həm də gündə hər dəqiqə, hər an başına bomba, raket düşəcəyini və həlak olacağını gözləyəsən. Odur ki, burada heç bir xarici qüvvənin, ölkənin rolunu görmürəm. Yəni Qəzzada “HƏMAS”-a qarşı müharibənin dayandırılması tələbi ilə etirazlar xalqın öz içindən gələn tələbdir”, -deyə davamında sabiq səfir diqqətə çatdırıb.
Sultan Laçın