AZ

Tramp Administrasiyası Ukrayna iqtisadiyyatına tam nəzarət etmək istəyir

ABŞ prezidenti Donald Trampın administrasiyası təkid edir ki, Ukrayna Vaşinqtonun mühüm iqtisadi layihələrə nəzarəti təmin edəcək saziş imzalasın.

Missiya.Az “Report”a istinadla xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) Kiyevə göndərilmiş sənəd layihəsinə istinadən məlumat yayıb.

Xüsusilə ABŞ Ukraynanın infrastruktur layihələrində və mineral hasilat proqramlarında, o cümlədən nadir torpaq metalları və liman tikintisində iştirakda birinci prioritet əldə etməyə çalışır. Əsasən Amerika rəsmiləri tərəfindən idarə olunan fond öz mənfəətini Vaşinqtonun Kiyevə verdiyi hərbi yardımı ödəmək üçün istifadə edəcək.

Nəşr qeyd edib ki, Ukrayna hakimiyyəti sazişin şərtlərinin onların digər investorları cəlb etmək və infrastrukturu bərpa etmək imkanlarını məhdudlaşdıracağından ehtiyat edir.

Analitiklər deyirlər ki, ABŞ-nin yeni tələbləri xüsusilə Tramp və Volodimir Zelenski arasında baş verən son münaqişədən sonra münasibətlərdəki gərginliyi daha da artıra bilər. Müqavilə imzalanarsa, Ukrayna 45 gün ərzində fondun nəzərdən keçirəcəyi layihələrin siyahısını təqdim etməlidir.

“Daily Telegraph” daha əvvəl yazıb ki, sazişin son variantı əsasında ABŞ birgə investisiya fondu vasitəsilə Ukraynanın neft və qaz ehtiyatlarının, metalların və dəmir yolları, limanlar, boru kəmərləri və neft emalı zavodları da daxil olmaqla infrastrukturunun yarısından çoxuna nəzarət edəcək.

Fondun müşahidə şurasının üç üzvü Vaşinqton tərəfindən təyin ediləcək. Bundan əlavə, ABŞ Ukrayna onlara 4% əlavə ödənişlə hərbi yardıma görə ən azı 100 milyard dollar kompensasiya ödəyənə qədər bütün gəlirləri almağı planlaşdırır. Kiyev yalnız borc ödənildikdən sonra mənfəətin 50%-ni almağa başlayacaq.

Nəşr əlavə edib ki, yeni fond Delaver ştatında qeydiyyatdan keçəcək, lakin Nyu-Yorkun yurisdiksiyasında fəaliyyət göstərəcək. Razılaşmanın şərtlərinə görə, ABŞ Ukrayna resurslarının üçüncü ölkələrə satışına veto qoymaq və istənilən Ukrayna qurumunun hesablarını yoxlamaq imkanı əldə edəcək.

Seçilən
43
50
missiya.az

10Mənbələr