AZ

“Ukrayna qoşunları Belqorodda 3-4 kilometr irəliləyib” - “Daha bir neçə kənd nəzarətə götürülə bilər”

Ukrayna qoşunları Rusiyanın Belqorod vilayətində hərbi əməliyyatları davam etdirir.

“AzPolitika” xəbər verir ki, “Reuters”-in yazdığına görə, ərazidə hərbi toqquşmalar davam edir və Qərb analitikləri Ukraynanın bir neçə kilometr irəlilədiyini deyirlər.

Ötən gün bir sıra Rusiya hərbi müxbirləri Ukrayna bölmələrinin Belqorod vilayətində olduğunu və rus qoşunları ilə döyüşdüyünü bildiriblər. Eyni zamanda, nə Kiyev, nə də Moskva bu məlumatı rəsmən təsdiqləməyib. Rusiya Müdafiə Nazirliyi bundan əvvəl bildirib ki, onun qoşunları Belqorod vilayətində Ukrayna qüvvələrinin sərhədi pozmaq cəhdlərini bir neçə dəfə dəf ediblər.

Ukrayna Silahlı Qüvvələri isə bu hadisələri şərh etməkdən yayınır ki, bu da təhlükəsizlik məsələləri ilə bağlı ola bilər. Eyni zamanda, Prezident Volodimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransı zamanı qeyd edib ki, Ukrayna ordusu Ukrayna mövqelərinə təzyiqləri azaltmaq üçün Kursk vilayətindən kənarda “müəyyən addımlar” atıb.

Analitiklərin fikrincə, Ukrayna qüvvələrinin əməliyyatı Kursk vilayətində aktiv hərbi əməliyyatlar aparan Rusiya qoşunlarının diqqətini yayındırmaq məqsədi daşıya bilər. Rusların “Rıbar” hərbi bloqu iddia edir ki, Rusiya artıq Kursk vilayətindəki Qoptarovkadan Belqoroda əlavə qüvvələr yönəldib.

Finlandiyalı hərbi analitik Emil Kastehjelmi isə yazıb ki, Ukrayna qoşunları Rusiyanın ön müdafiə xətlərini yarıb və Rusiya ərazisinə 3-4 km irəliləyə bilib: “Nəzəri cəhətdən ukraynalılar sərhəd zonasından daha bir neçə kəndi götürə bilərlər”.

“AzPolitika.info”

Seçilən
47
50
azpolitika.info

10Mənbələr