AZ

Deputat: "Aİ-nin "müşahidə missiyası"nın təxribatları heç bir nəticə verə bilməz"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Avropa İttifaqının Ermənistandakı "müşahidə missiyası" Azərbaycanla həmsərhəd ərazilərdə "binokl diplomatiyasını" davam etdirir. Növbəti dəfə belə addımlar cari il fevral ayının 13-də Qubadlı və martın 28-də Qubadlı və Laçın rayonlarının Ermənistanla həmsərhəd hissələrində baş verib. Ölkəmizə qarşı belə bir təxribat şübhəsiz ki, heç bir nəticə verə bilməz, çünki Azərbaycan otuz ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarını azad edərək, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan iqtisadi, siyası və hərbi baxımdan Cənubi Qafqazın ən güclü dövləti olaraq, beynəlxalq miqyasda ciddi söz sahibidir və bütün məsələlərin ikitərəfli müstəvidə, birbaşa müzakirə edilərək, həll olunmasına üstünlük verir.
"Digər tərəfdən, otuz illik müddət nümayiş etdirdi ki, tarixə qovuşan silahlı münaqişənin həllində beynəlxalq vasitəçilər, xüsusilə də, ATƏT-in Minsk qrupu heç bir nəticə əldə etməyib. Maraq doğuran cəhət, həmçinin ondan ibarətdir ki, hazırda Aİ-nin hətta regional problemlərin həllinə təsiri sıfır dərəcəsindədir. Bunu qurumun Rusiya ilə Ukrayna arasında mövcud olan silahlı münaqişənin həlli üçün ABŞ ilə Rusiya təmsilçilərinin apardıqları danışıqlarda ümumiyyətlə, iştirak etməməsi açıq-aşkar nümayiş etdirdi. ABŞ administrasiyası qeyd etdiyim məsələdə Aİ-nin aparıcı dövlətlərinin beynəlxalq hüquqi subyektliyini şübhə altına alıb.
Almaniyanın ən böyük silah istehsalçısı "Reynmetall" konserninin rəhbəri Armin Papperqer nüfuzlu "Financial Times" qazetinə müsahibəsində qeyd edir ki, ABŞ ilə Rusiya qlobal məsələləri müzakirə edərkən, Avropa "uşaq masası" arxasında qalıb və heç bir avropalı bu danışıqlara cəlb edilməyib. Bu məqamda sual olunur ki, Ermənistan "uşaq masası" arxasında əyləşdirilən Aİ-nin üzv-dövlətlərinin "müşahidə missiyası"ndan nə gözləyir?
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ikitərəfli münasibətlərin normallaşması üçün heç bir vasitəçiyə ehtiyac yoxdur və bütün məsələlər beynəlxalq hüquq əsasında ikitərəfli müstəvidə müzakirə edilərək həllini tapa bilər. Ermənistan rəhbərliyi nə qədər tez bu sadə həqiqəti dərk etsə və reallıqda praqmatik yanaşma nümayiş etdirsə, o zaman regionda davamlı sülhün və təhlükəsizlik rejiminin bərqərar olunması təmin edilə bilər", - deyə N.Səfərov qeyd edib.
Aləmdə Nəsib
Seçilən
76
43
oxu.az

10Mənbələr