1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Artik - adı VII əsr mənbələrində çəkilən məskən" adlı süjet hazırlanıb.
Oxu.Az xəbər verir ki, bugünkü süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Artalas, Artız, Artik toponimi və Artik vəng oykonimi haqqında söz açılıb.
Bildirilib ki, Qərbi Azərbaycan oğuz türkləri üçün sadəcə coğrafi ərazi deyil, həm də qədim yurd yeridir. Bu torpaqlarda xalqımızın minillik tarixi, mədəni irsi formalaşıb.
Artalas - Dərələyəz mahalının Keşişkənd, sonralar Yeğeqnadzor adlandırılan rayonunda kənd olub. Kənddə 1831-ci ildən yalnız azərbaycanlılar yaşayıb və onlar 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq deportasiya olunub. 1920-ci ildə sağ qalanlar öz doğma yurdlarına dönüblər. Kənd 1939-1940-cı illərdə ləğv edilib.
Artız - Qırxbulaq mahalının Ellər, sonralar Kotayk/Abovyan adlandırılan rayonunda kənd adıdır. Kənddə 1873-cü ildən yaşayan azərbaycanlılar 1918-ci ildə ermənilərin soyqırımına məruz qalaraq qovulublar. Buraya Türkiyədən köçürülən ermənilər yerləşdirilib. 1920-ci ildə geri qayıdan kənd sakinləri 1948-1949-cu illərdə yenidən köçürülüblər. İndi burada ermənilər yaşayırlar. 1946-cı il aprelin 4-də kəndin adı dəyişdirilib Gehard qoyulub.
Artik - Şörəyel mahalının Ərtik, sonralar Artik adlandırılan rayonun adıdır. Tarixən burada azərbaycanlılar yaşayıblar. Ermənilər buraya 1829-1830-cu illərdə Türkiyənin Ərzurum və Qars vilayətlərindən köçürülüblər.
Artik vəng - Şörəyel mahalının Ərtik, sonralar Artik adlandırılan rayonunda qala adıdır.
Sonda vurğulanıb ki, Qərbi Azərbaycanda məhv edilmiş toponimlərin, mədəni irsin bərpası və qorunması qarşıda duran vəzifələrdəndir: "Buna nail olmaq üçün ilk növbədə ata-baba yurdumuza qayıtmaq zəruridir. Çünki qayıdış bizim beynəlxalq sənədlərdə təsbit olunan təməl hüququmuzdur".
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə: