AZ

Bakıdan dünyaya sülh çağırışı TƏHLİL

Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilibSürətli inkişaf dövrünü yaşayan Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrilməsi və bu statusu uğurla daşıması bütün dünyanın, xüsusən bu regionu özünün iqtisadi mənafeyi baxımından vacib tərəfdaşı kimi görən Avropanın qəbul etdiyi inkarolunmaz reallıqdır. Dövlətimiz bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuş və qonşu dövlətlərlə səmərəli əməkdaşlığı inkişaf etdirmişdir. Eyni zamanda, Azərbaycan çoxtərəfli formatda öz müsbət rolunu oynayır. Elə buna görə təsadüfi deyil ki, Cənubi Qafqazı əhatə edən hər hansı beynəlxalq layihənin Azərbaycanın maraqlarını nəzərə almadan həyata keçirilməsi mümkün deyil. Azərbaycanla hesablaşır, məsləhətləşir və hər bir əməkdaşlıq məsələsində əsas tərəfdaş kimi qəbul edirlər. Həmçinin, Azərbaycanın iştirak etdiyi layihələrlə bağlı vaxtında verdiyi qərarlar, gördüyü tədbirlər, öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafeləri qoruması onun imicini yüksəldib, etibarlı tərəfdaş olduğunu sübut etmişdir. Bununla yanaşı, ölkəmiz müharibə şəraitində sosial-iqtisadi sahələrdə olduğu kimi, siyasi və hərbi-təhlükəsizlik sahələrində əməkdaşlıqda da özünü təsdiq edib.Hazırda Prezident İlham Əliyev dünyada daxili siyasəti ilə yanaşı, xarici siyasətində də saysız-hesabsız uğurlara imza atan güclü siyasi lider kimi tanınıb. Xarici siyasət kursunda tarazlaşdırılmış konsepsiyaya üstünlük verən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq arenada böyük nüfuz və söz sahibinə çevrildi. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edildi. Bunu sübut edən ən böyük amillərdən biri Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına və Qoşulmama Hərəkatına üzv ölkə kimi seçilməsi idi. Bundan irəli gələrək, dövlətimiz başda BMT olmaqla beynəlxalq təşkilatların əsas prinsiplərinə sadiq qalıb. Eləcə də, Azərbaycan həmişə GUAM təşkilatının baza prinsiplərinə, məhz bütün ölkələrin suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsi prinsipinə sadiqliyini göstərmişdir. Bunu Azərbaycan həmişə müxtəlif beynəlxalq təşkilatlarda səsvermələr zamanı praktiki olaraq həyata keçirmişdir. Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında bildirdiyi kimi: “Deməliyəm ki, GUAM-ın üzvü olan ölkələrin ərazi bütövlüyü ilə bağlı məsələlərdə həmin ölkələrin həmrəy mövqeyi, mənim fikrimcə, elə mühüm təməldir ki, biz öz münasibətlərimizi prinsip etibarilə həmin təməl üzərində qururuq. BMT də digər beynəlxalq təşkilatlarda səsvermə çərçivəsində Azərbaycan Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və yenə dəstəkləyir. Biz də həmin ölkələr tərəfindən bizim ərazi bütövlüyümüzün dəstəklənməsini həmişə görmüşük”. Eyni zamanda apardığı uğurlu diplomatik siyasət, intellektual düşüncə və güclü iradənin nəticəsi olaraq, dövlət başçısı cənab İlham Əliyev 2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatının sədri elan edildi. Ölkədə güclü tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi Azərbaycanı nəinki regionda, bütövlükdə dünyada multikulturalizmin, dinlərarası və mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən birinə çevirdi. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dünya forumları, sivilizasiyalararası, humanitar, mədəniyyətlərarası dialoq forumları bunu göstərir. Eləcə də Azərbaycan xarici siyasət kursunda həmişə ardıcıl olub, istər iqtisadi, istərsə də siyasi məsələlərdə ardıcıl və birmənalı mövqe nümayiş etdirib. Azərbaycanın xarici siyasətində heç bir gizli məqam yoxdur. Ona görə ki, bu siyasət xalqımızın milli maraqlarına əsaslanır və yalnız əməkdaşlığın möhkəmlənməsi üçün nəzərdə tutulur. Belə ki, ölkəmiz beynəlxalq təşkilatlarla əməkdaşlıqda da qarşılıqlı maraq və mənafelərin qorunması istiqamətində çıxış edir. Beynəlxalq hüququn təməl prinsiplərinə hörmətlə yanaşır və həyata keçirir. Şübhəsiz ki, Azərbaycanın bu mövqeyi zamanın və tərəfdaşlarının sınağından çıxmış mövqedir.AZƏRBAYCAN QLOBAL MƏSƏLƏLƏRİN HƏLLİ İLƏ BAĞLI BİR ÇOXLARINI İLHAMLANDIRIBDünyada nüfuzu sürətlə artan Cənubi Qafqazın lider ölkəsi Azərbaycanın beynəlxalq problemlərin həlli yollarının müzakirə olunduğu mərkəzə çevrilməsi heç də təsadüfi deyil. Sülhü, humanizmi, tolerantlığı, multikultural dəyərləri daim təbliğ edən ölkəmiz hər zaman dialoq formasında qlobalmiqyaslı problemlərin həllinin mümkünlüyünü də təbliğ edir. Dünyanın mötəbər beynəlxalq qurumlarında uğurla təmsil olunan Azərbaycan bəşəri qərarların qəbuluna və icrasına da birbaşa töhfələr verir. 120 ölkə arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatının da məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşaması bu baxımdan vacib nümunələrdən biridır.Eləcə də, mühüm əhəmiyyət kəsb edən beynəlxalq forumların, konfransların təşkili ölkəmizdə ənənə halını alıb. Aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum da bu ənənənin davamıdır. 30 ölkədən 64 beyin mərkəzi nümayəndəsinin qatıldığı tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev bir çox məsələlərə - Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilməsi, Azərbaycanın Naxçıvanla əlaqəsinə Ermənistanın maneələr törətməsi, Zəngəzur dəhlizi, Cənubi Qafqaz ölkələrinin potensialı, eləcə də COP29-un üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələrin aparılması üçün fürsət yaradacağı və gələcək əməkdaşlıq üçün yol açacağına toxunub. Xatırladaq ki, 2021-ci il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmişdilər və dövlət başçısı da bu təklifi müsbət qiymətləndirmişdi. Bir il sonra - 2022-ci il aprelin 28-də Şuşada işinə başlayan və Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransa 23 ölkədən gəlmiş 40 iştirakçı qatılmışdı. Təsadüfi deyil ki, beynəlxalq konfransın iştirakçıları Şuşada quruculuq və bərpa mövzusunda “Şuşa - dirçəlişə gedən yol”, postmünaqişə dövrünə dair “Əməkdaşlıq, imkanlar və çağırışlar” adlı panel müzakirələri keçiriblər. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaratdı.Ən vacib məqam isə, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının müəyyən qüvvələrə və ölkələrə ünvanladığı mesajları oldu. Ölkə Prezidenti çıxışında bir daha bəyan etdi ki, Azərbaycan Ermənistanla sülhə can atır. Prezident xüsusilə qeyd etdi ki, COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Dövlətimizin başçısı əlavə etdi ki, baza prinsipləri üzərində razılığa gəlmək, sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək olar. Hətta sülh sazişinin layihəsi hazır ola bilər. Bunun üçün hər iki tərəf, sadəcə ürəkdən çalışmalıdır. Həmçiin, dövlət başçısı beynəlxalq forum iştirakçıları vasitəsilə Azərbaycanın potensial təhlükə yarada biləcək heç bir işə qoşulmadığını vurğuladı. “Biz hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyədə qardaşlarımız ilə münasibətlərimizdə ədalətli olmuşuq. Uğurumuzun səbəbi də bundadır”, - deyə dövlət başçısı bəyan edib.Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizə qarşı əsassız hücum edən dövlətlərə, qüvvələrə də mesajının ünvanladı və bildirdi ki, bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük və cavab tədbirləri görülür. Həmin ölkələrin, əslində, Azərbaycana qarşı soyuq müharibəyə başladıqlarını vurğulayan dövlətimizin başçısı bildirib ki, "biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik".Bütün bunlarla yanaşı, dövlətimizin başçısının çıxışında strateji müttəfiq və qardaş ölkə Türkiyə ilə münasibətlərin sarsılmaz olduğunu bəyan etməsidir. Prezidentin sözlərinə görə, Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Ən əsası, Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır. Bir sözlə, Beynəlxalq forumda bəyan edildi ki, həm Azərbaycan, həm də Türkiyədə aydın mövqe var: iki proses - Türkiyə ilə Ermənistan arasında yaxınlaşma və Azərbaycan ilə Ermənistan arasında normallaşma paralel getməlidir. Bu, bizim mövqedir və bu, həmçinin Türkiyə Prezidentinin mövqeyidir.ÖLKƏMİZ SÜLH GÜNDƏLİYİNƏ SADİQDİRBəli, məhz Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycan dünyada böyük etimad qazanaraq nüfuzlu dövlətə çevrilib. Bu gün Azərbaycan söz və nüfuz sahibi kimi qlobal proseslərdə aktiv mövqeyi ilə seçilir. Ölkəmiz sözün əsl mənasında müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tuta bilib. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan sabitlik və inkişaf amilinə çevrilib. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun artmasına böyük təsir göstərməklə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin də beynəlxalq aləmdə şəxsi nüfuzunun artmasına və regionda mübaliğəsiz lider olduğunu isbat edib. Belə ki, Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə getməsi, Berlində yüksəksəviyyəli görüşlərin keçirilməsi deyilənlərin təsdiqidir. Həmişə olduğu kimi, dövlət başçımız bu tədbirlərdə də çıxışı, verilən mesajlar xüsusi ilə diqqəti çəkir. Azərbaycan Prezidenti COP29-la əlaqədar Almaniya ilə Azərbaycanın müvafiq heyətləri arasında sıx əməkdaşlığın önəmindən bəhs edilib. Prezident İlham Əliyev COP29-un Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin tərkibi olaraq ərsəyə gəldiyini bildirib. Ölkəmizin başçısı həmçinin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kanslerinin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında keçirilmiş görüşün önəmini bir daha qeyd edib. Ötən ilin martında Berlində, iki ay əvvəl Münxendə Kansler ilə görüşdüyünü xatırladan dövlət başçısı bildirib: “İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir”.Regional təhlükəsizliyə gəldikdə, Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev xatırladıb ki, cənab Kanslerin dəvətilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu yaxınlarda Almaniyada görüşüblər. Almaniyanın xarici işlər naziri xanım Berbok da öz dəstəyini göstərib. Növbəti görüş Qazaxıstanda keçiriləcək və beləliklə, sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atılacaq.Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Dövlət başçısı deyib: “Bizim komandalarımızın üzvləri bir-biri ilə sıx təmasdadırlar. COP29-un ev sahibliyini etmək bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Biz buna hazırıq və Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir”.Göründüyü kimi, bütün bu reallıqlar bir daha göstərir ki, Azərbaycan regional güc kimi artıq özünü bərqərar edib. Avropa da bu reallığı zamanla qəbul etməyə məcbur olacaq. Petersberq İqlim Dialoqu, Almaniya ilə Azərbaycan arasındakı yüksək səviyyəli görüşlər, rəsmi Berlinin ölkəmizə verdiyi əhəmiyyəti ifadə etməsi, rəsmi Bakıya tərəfdaş kimi baxması da bunun bir daha sübutu oldu. RƏFİQƏ KAMALQIZI

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
50
Mənbələr
Şərh ()
Bağla