AZ

Lionel Messi zədələndi, millidən kənarda qaldı

MSL təmsilçisi “İnter Mayami”nin və Argentina yığma komandasının kapitanı, 37 yaşlı ulduz hücumçu Lionel Messi zədələnib.

Arena.az bu barədə “İnter Mayami”nin mətbuat xidmətinə istinadən məlumat verir.

“Leo” martın 17-də MLS müntəzəm mövsümünün “Atlanta Yunayted”lə səfər oyununda (2:1) zədə alıb. Messi qol vurduğu və sona qədər oynadığı bu oyunda, eləcə də oyundan sonra rahatsızlıq hiss edib və tibbi müayinədən keçib. Artıq məlum olduğu kimi, müayinənin nəticəsi xoşagəlməz olub. Messi qarşıdakı oyunları, o cümlədən Argentina yığmasının oyunlarını buraxmaq məcburiyyətində qalıb.

“Messi ötürücü əzələsinin vəziyyətini qiymətləndirmək üçün MRT müayinəsindən keçib. O, “Atlanta Yunayted”lə oyunda rahatsızlıq hiss edib. Tibbi müayinənin nəticələri ötürücü əzələnin yüngül zədəsini təsdiqləyib. Biz onun qarşıdakı oyunlarda iştirak edib-etməyəcəyini hələ bilmirik”, – “vağlar”ın mətbuat xidməti bəyan edib.

“Oynamağı çox istəyirdim” – Lionel Messi

“Leo” özü də yaranmış vəziyyətlə bağlı açıqlama verib:

“Çox təəssüf ki, mən Uruqvay və Braziliya milli komandaları ilə vacib oyunları buraxmalı olacağam. Mən oynamağı çox istəyirdim, amma yüngül zədə səbəbilə yığmanın düşərgəsinə yollana bilməyəcəyəm. Hər bir argentinalı azarkeş kimi, komandamızı kənardan dəstəkləyəcəyəm. İrəli, Argentina!”, – Messi özünün sosial şəbəkə hesabı üzərindən paylaşıb.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Lionel Messi cari mövsümdə 5 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 44 oyun, 38 qol və 20 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qoçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

“Transfermarkt” internet-portalı 37 yaşlı ulduz futbolçunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
18
6
arena.az

10Mənbələr