Xəbər verdiyimiz kimi, İstanbul bələdiyyəsinə qarşı genişmiqyaslı korrupsiya əleyhinə əməliyyat başladılıb. Bundan sonra İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, onun mətbuat katibi Murat Ongun və bələdiyyənin təqribən 100 əməkdaşı barəsində saxlanılma qərarı çıxarılıb. Bundan sonra İstanbul Valiliyi şəhər boyu ictimai asayişin qorunması və təxribatların qarşısının alınması məqsədilə 19-23 mart tarixləri arasında hər cür yığıncaq, nümayiş və mətbuat açıqlamalarının qadağan edildiyini açıqlayıb. İstanbulun bir neçə metro xətti və yolları da bağlı olacaq.
Maraqlıdır, bu hadisələr fonunda proses necə irəliləyəcək?
Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Əkrəm İmamoğlunun həbsi Türkiyədə daxili siyasi böhrana gətirib çıxarmayacaq.
M.Əsədullazadə qeyd edib ki, Türkiyə qardaş və müttəfiq ölkədir:
“Xarici qüvvələr AKP iqtidarını devirmək üçün müxtəlif ssenarilər həyata keçirib. Bu gün Türkiyənin regional gücdən beynəlxalq gücə çevrilməsi AKP iqtidarı və prezident R.T.Ərdoğanın misilsiz siyasətinin nəticəsidir. FETÖ hərbi çevrilişi, Ergenekon, Balyoz əməliyyatları məhz Ərdoğanı devirmək planı olub. Türkiyədə İstanbul Bələdiyyəsinin başqanı Ə.İmamoğlunun həbs edilməsi, bu ölkənin daxili işidir. Kimliyindən və tutduğu siyasi mövqeyinə baxmayaraq qanun qarşısında hamı bərabərdir”.
Politoloq Natiq Cəfərli isə düşünür ki, AKP-nin atdığı addımlar Əkrəm İmamoğlunu prezidentliyə daha da yaxınlaşdırır.
N.Cəfərli iddia edib ki, çox böyük ehtimal, Türkiyənin gələcək prezidenti Ə.İmamoğlu olacaq:
“Türkiyə xalqı həmişə “mağdurun” yanında olur, indi açıq-aşkar İmamoğlunu “mağdur” edirlər, deməli ona yardımçı olurlar ki, prezidentliyə əminliklə addımlasın “.
Firuzə Əliyeva