AZ

Vladimir Putin sabah AND İÇƏCƏK

Rusiya Prezidenti Vladimir Putin prezident seçkilərində qalib gəldikdən sonra sabah and içəcək və yeni dövrdə səlahiyyətlərinin icrasına başlayacaq. 


Sfera.az xatırladır ki, Rusiyada bu ilin martında keçirilən prezident seçkilərində 87,28 faiz səs toplayan Putin mayın 7-də Kreml sarayında keçiriləcək mərasimdə and içəcək və daha 6 il vəzifəsini davam etdirəcək. 


Putin and içdikdən sonra indiki Rusiya hökuməti də istefa verəcək. 2020-ci ildə edilən konstitusiya dəyişikliyinə uyğun olaraq, yeni hökumət Rusiya parlamentinin təsdiqi ilə fəaliyyətə başlayacaq. Putin andiçmə mərasimindən sonra baş nazirliyə namizədi yeni hökumətin formalaşdırılması üçün Rusiya parlamentinin aşağı palatası olan Dumada parlament üzvlərinin təsdiqinə təqdim edəcək. Parlamentin baş nazirliyə namizədi qəbul etmək və ya rədd etmək səlahiyyəti var. Deputatlar baş nazir namizədini 3 dəfə rədd edərsə, bu dəfə Putin parlamentin təsdiqinə ehtiyac olmadan birbaşa Baş naziri təyin edə biləcək. Belə olan halda Putinin parlamenti buraxmaq və yeni parlament seçkiləri keçirmək hüququ olacaq. 


Rusiya mediasında yer alan şərhlərdə Rusiyanın hazırkı Baş naziri Mixail Mişustinin yenidən baş nazir təyin ediləcəyi bildirilir. Mişustin Qərb ölkələrinin sanksiyalarına baxmayaraq, iqtisadiyyatı daha yaxşı idarə etmək bacarığını nümayiş etdirib, hətta iqtisadi böyüməyə nail olunub. Bu baxımdan o, uğurlu hökumət başçısı hesab edilir. 


Baş nazir təyin olunduqdan sonra o, baş nazirin müavinlərini və nazirliklərə namizədləri tövsiyə edəcək. Parlamentin də kabinetin bu üzvlərini təsdiq etməsi lazım olacaq. Rusiya Prezidenti Vladimir Putin Dumanın təsdiqi olmadan Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası ilə məsləhətləşərək birbaşa olaraq xarici işlər naziri, müdafiə naziri, ədliyyə naziri, fövqəladə hallar naziri və daxili işlər naziri təyin edəcək. Qanuna görə, yeni hökumətin təsdiq prosesi ən çox mayın 20-nə qədər çəkə bilər. 


Bununla belə, baş nazir və Nazirlər Şurasına namizədlərin siyahısının mayın 7-də keçiriləcək andiçmə mərasimindən dərhal sonra parlamentə təqdim ediləcəyi və Rusiya parlamentinin aşağı palatası olan Duma tərəfindən təsdiqlənə biləcəyi gözlənilir. 


Rusiya analitiklərinin şərhinə əsasən, Sergey Lavrov (xarici işlər naziri) və Sergey Şoyqu (müdafiə naziri) öz vəzifələrində qalacaqlar.


Qeyd edək ki,Vladimir Putin 1952-ci ilin oktyabrın 7-də Leninqradda anadan olub. 


1975-ci ildə Dövlət Təhlükəsizlik Komitəsində (KQB) kəşfiyyatçı kimi fəaliyyətə başlayan Putin 1998-ci ildə Rusiya Federasiyasının kəşfiyyat qurumu olan Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru təyin edilib. 1999-cu ildə Rusiyanın 5-ci Baş naziri olan Putin 1999-cu il dekabrın 31-də Rusiya Prezidenti Boris Yeltsinin qəfil istefası ilə prezident səlahiyyətlərini icra edib. Putin 2000-ci ildə prezident seçkilərində qalib gəlib və 2008-ci ilə qədər bu vəzifəni iki dəfə icra edib 
Putindən sonra dövlət başçısı Dmitri Medvedev olub. O, 2008-2012-ci illərdə ölkəyə rəhbərlik edib. Həmin dövrdə Putin Rusiyanın Baş naziri olub. 
Putin 2012-ci və 2018-ci illərdə üçüncü və dördüncü dəfə prezident seçilib. Hazırda Rusiyada prezidentin səlahiyyət müddəti 6 ildir. 


Vasif


 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
49
Mənbələr
Şərh ()
Bağla