RU

Sergey Lavrov: ABŞ-ın yeni administrasiyası Rusiya ilə münasibətlərə praqmatik yanaşır

Moskva, 12 mart, AZƏRTAC

Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı blogerlərə müsahibəsində Moskvanın Fransa, İran və ABŞ ilə münasibətləri məsələlərinə toxunub.

AZƏRTAC xəbər verir ki, o, Fransanın beynəlxalq proseslərdə fəal iştirak etdiyini, lakin onun xarici siyasət xəttinin qeyri-sabit olaraq qaldığını qeyd edib. Prezident Emmanuel Makron qitə ordusunun yaradılması da daxil olmaqla, Avropanın hərbi potensialının gücləndirilməsi planı üzərində çalışır. Paris həm də Ukraynada sülhməramlı missiya ideyasını təklif edən ilk ölkələrdən biri olub. Nazirin sözlərinə görə, Moskva heç bir halda NATO qoşunlarının Ukrayna ərazisində sülhməramlı missiyasını qəbul etməyəcək.

Rusiyanın xarici işlər naziri xatırladıb ki, Fransa hakimiyyəti Afrikada və əvvəllər üstünlük təşkil etdiyi digər regionlarda nüfuzunu itirir.

S.Lavrov qeyd edib ki, Donald Tramp administrasiyası İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) yenidən baxmağa cəhd edə bilər, amma yeni şərtlər, o cümlədən Tehran üçün əlavə məhdudiyyətlər əsasında.

Nazir İranın bu cür güzəştlərə gedəcəyinə şübhə etdiyini bildirib, çünki onlar ilkin razılaşmadan kənara çıxır. O, həmçinin vurğulayıb ki, Moskva münaqişənin həlli üçün diplomatik mexanizmləri dəstəkləyir və əlavə şərtlər olmadan ilkin razılaşmalara qayıtmağın tərəfdarıdır.

RF Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Rusiya-Amerika münasibətləri mürəkkəb olaraq qalır, amma ABŞ-ın yeni administrasiyası praqmatik yanaşma nümayiş etdirir. Donald Tramp ABŞ-ın milli maraqlarının qorunmasını vurğulayır, eyni zamanda, Rusiya ilə danışıqlara hazırdır.

S.Lavrov vurğulayıb ki, Moskva bu yanaşmanı bölüşür və imkan daxilində əməkdaşlığın inkişafının tərəfdarıdır. Bununla belə, ABŞ sanksiyalar və Ukraynaya hərbi dəstək vasitəsilə Rusiyaya təzyiq göstərməkdə davam edir.

Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ABŞ-ın NATO-dan çıxma ehtimalına münasibət bildirib: “Ən azı, ABŞ Prezidenti heç vaxt bunun baş verə biləcəyinə eyham vurmayıb. Amma o, birbaşa dedi ki, əgər alyansa üzv ölkələr ABŞ-ın onları müdafiə etməsini və təhlükəsizlik zəmanəti verməsini istəyirsə, o zaman lazım olan qədər pul ödəməlidir”, - deyə rusiyalı nazir qeyd edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Избранный
16
50
azertag.az

10Источники