RU

Trampın növbəti hədəfi: Rusiya atəşkəslə razılaşmasa, nələr baş verəcək? - ŞƏRH

Ötən gün Ciddədə ABŞ-Ukrayna arasında danışıqlar baş tutdu. Bu dəfəki danışıqlar ötən dəfəkindən fərqli olaraq müsbət nəticələr verdi. Danışıqlardan dərhal sonra jurnalistlərə açıqlama verən ABŞ dövlət katibi Marko Rubio Ukraynanın 30 günlük atəşkəsə razı olduğunu bildirdi və əlavə etdi ki, bunu Rusiya tərəfinə də çatdıracaq.

Həmçinin bu gün açıqlama verən ABŞ prezidenti Donald Tramp bildirib ki, "Dünən (Ciddədə) böyük uğur əldə etdik. Əgər o, qüvvəyə minərsə, tam atəşkəs əldə edəcəyik. Bundan sonra da hər şey artıq Rusiyadan asılıdır".

Lakin Rusiya tərəfi atəşkəs məsələsində tələsməyəcəklərini bəyan edib və bu ərəfədə hücumlarını daha da şiddətləndirib.

Maraqlıdır görəsən Rusiya atəşkəsə "hə" deyəcəkmi? Əgər deməsə, onu nə gözləyir? ABŞ hansı addımları atacaq? Turkustan.az olaraq suallarımızı siyasi şərhçi Elxan Şahinoğluya ünvanladıq. Ekspert bildirdi ki, Ukrayna ABŞ-ın Ciddə danışıqları zamanı irəli sürdüyü 30 günlük müvəqqəti atəşkəsin dərhal tətbiq edilməsinə razılıq verməyə hazır olduğunu bildirməklə Rusiyanı çətin vəziyyətə salıb.

Elxan

İndi top Kremlin meydanındadır. Rusiya Prezidenti Vladimir Putin atəşkəsə razılaşmasa, amerikalı həmkarı Donald Trampı məyus edəcək. Halbuki, Tramp son aylarda Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid edir, Rusiya Prezidenti Vladimir Putini isə tərifləyirdi. Kreml sahibinin özü və ətrafı da Trampın ünvanına müsbət fikirlər söyləyirdilər. Ona görə də Putin atəşkəsə razılaşmasa, Trampı çətin vəziyyətə salacaq. Bu halda Trampın Ukraynanı hansısa formada dəstəkləməkdən başqa alternativi qalmayacaq.

Vladimir Putin müvəqqəti atəşkəsə razılaşıb tələblərini səsləndirməkdə davam edə də bilər. Onsuz da Tramp Putinin Ukrayna ilə bağlı əsas tələblərini qəbul edib. 1. Ukrayna NATO üzvü olmayacaq; 2. Krımın və Ukraynanın şərq bölgələrinin Rusiyanın nəzarətində qalması şərti qəbul olunacaq. Ancaq Putin bunlarla yanaşı Ukraynanın şərqində tam işğal edə bilmədiyi əraziləri də tələb edir. Əgər Putin atəşkəsə razılaşarsa, bu tələbindən bir müddət imtina etməli olacaq. Bütün hallarda atəşkəs problemin həlli deyil. Əlbəttə, Putin razılaşarsa Tramp atəşkəsi qələbəsi kimi qələmə verəcək. Ancaq keçmişdə Azərbaycan-Ermənistan qarşıdurmasında olduğu kimi Rusiya-Ukrayna qarşıdurmasında da atəşkəsin pozulması ehtimalları yüksəkdir. Ukraynaya isə başda ABŞ olmaqla heç bir Qərb ölkəsi təhlükəsizlik təminatı vermək istəmir. Təhlükə də bundadır.

Aytən Yaşar/ Turkustan.az

Избранный
20
4
turkustan.az

5Источники