“Ukrayna Müdafiə Qüvvələri Kursk vilayətində onlara verilən tapşırıqları yerinə yetirir”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bugünkü brifinqdə cəbhənin bu sahəsində baş verən son hadisələri şərh edərkən deyib.
"Kursk vilayətindəki qoşunlarımız öz missiyasını yerinə yetirir. Ruslar açıq şəkildə qoşunlarımıza maksimum təzyiq göstərməyə çalışırlar. Hərbi komandanlıq üzərinə düşəni edir, əsgərlərimizin maksimum dərəcədə həyatını xilas edir", - deyə, o qeyd edib.
Onun dediyinə görə, Rusiya tərəfinin yaxın günlərdə nə nümayiş etdirəcəyi bəllidir: "Hesab edirəm ki, məsələ hətta Kursk istiqamətində dərəcəni yüksəltməkdə deyil. Onlar qorxudacaqlar. Düşünürəm ki, hədə-qorxu fərqli olacaq. Həmçinin, nüvə xarakterli. Biz başa düşməliyik ki, bu, Rusiya Federasiyasının diplomatiyanın istənilən formatı qarşısında hərəkətləri üçün aydın təlimatdır. Bizə buna ayıq-sayıq baxmaq və real təhdidlərə reaksiya vermək lazımdır, nəinki informasiya təhdidinə".
Prezident əlavə edib ki, insanlar informasiya vakuumunda olmamalı, Ukrayna kəşfiyyatı və ordusu mümkün qədər tez reaksiya verməli və təhdidlərlə bağlı müəyyən məlumatları təkzib etməlidir: "Biz güclü informasiya təzyiqinə hazırlaşmalıyıq. Biz şəxsən bir müddətdir ki, bu cür vəziyyətlərin müxtəlif formatlarında olmuşuq. Biz nə baş verdiyini anlayırıq".
Zelenski son ABŞ - Ukrayna danışıqlarına da toxunub. Onun sözlərinə görə, Ukrayna və ABŞ heyətlərinin Səudiyyə Ərəbistanında görüşündən əvvəl havada və dənizdə atəşkəs təklifindən danışılıb. Lakin sonra Amerika tərəfi fərqli yanaşma təklif edib.
Ukrayna Prezidenti qeyd edib ki, görüşün ortasında Ukrayna heyəti onunla, Amerika nümayəndə heyəti isə Trampla əlaqə saxlayıb. Onlar Ukraynanın bütün ərazidə atəşkəsi təmin etmək üçün addımlar atmağa hazır olub-olmaması sualını qaldırıblar: “Mən bunu dəfələrlə vurğulamışam, heç birimiz ruslara güvənmirik, biz bunu yaşadıq, amma müharibənin bitməsini istəmədiyimizə dair narrativlərlə də oynamayacağıq. Mən çox ciddi şəkildə qərarlıyam və müharibəni bitirmək mənim üçün vacibdir. İstəyirəm ABŞ Prezidenti bunu görsün, Avropa, hamı Rusiya Federasiyasını müharibəni dayandırmağa məcbur etmək üçün ittifaqda olsun. Ona görə də mənim reaksiyam belə oldu: biz Amerika tərəfinin bizə təklif etdiyi formatda 30 günlük atəşkəs formatına hazırıq”.\\AzPolitika.info