Son dövrlər ABŞ-ın ticarət siyasəti dünya iqtisadiyyatı və xüsusilə neft bazarları üzərində əhəmiyyətli təsir göstərib. ABŞ-ın iqtisadi qərarları və tətbiq etdiyi tariflər həm daxili bazarda, həm də beynəlxalq ticarətdə qeyri-müəyyənlik yaradır. Bu da öz növbəsində neft qiymətlərini aşağıya çəkir. Hazırda Brent markalı neftin qiyməti təxminən 70 dollar civarındadır və analitiklər qiymətlərin qısa müddətdə 69,50-70,50 dollar arasında dəyişəcəyini proqnozlaşdırırlar.
Neft bazarlarında qiymətlərin bu səviyyədə qalması həm təklifin, həm də tələb üzərindəki müxtəlif faktorlarla bağlıdır. Bir tərəfdən bir çox beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Enerji Agentliyi (IEA) və ABŞ Enerji İnformasiya İdarəsi (EIA) dünya üzrə neft təklifinin artacağını bildirir. Xüsusilə OPEC+ ölkələrinin istehsal planları və digər ölkələrin neft istehsalını artırması gözlənilir. Bununla yanaşı, ABŞ-ın və digər böyük istehsalçıların hasilatı artırması bazarda təklifin yüksələcəyinə səbəb olacaq.
Digər tərəfdən də ABŞ-ın ticarət siyasətindəki qeyri-müəyyənliklər və inflyasiya ilə bağlı qorxular, ümumilikdə bazarları təzyiq altında saxlayır. Prezident Donald Trampın tətbiq etdiyi yeni tariflər qlobal iqtisadi artım tempini azalda bilər. Bu, nəinki neftə, həm də ümumilikdə riskli aktivlərə olan tələbi azalda bilər.
Beləliklə, bu faktorlar birləşərək neft qiymətlərinin aşağı düşməsinə səbəb ola bilər. Lakin, dünya üzrə iqtisadi artımın davam etməsi və enerji tələbinin sabit qalması da müəyyən dərəcədə qiymətlərin enməsinin qarşısını ala bilər. Bu cür qeyri-müəyyən şəraitdə neft qiymətlərinin gələcək proqnozları hələ də dəyişkən qalır.