Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana qarşı qanunsuz torpaq satışı ilə bağlı yeni ittiham irəli sürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, torpağın əsas alıcısı Çin səfirliyi olub. Sövdələşmə 2005-ci ildə hökumətin qərarı ilə bağlanıb və bu gün həmin ərazidə Çinin diplomatik nümayəndəliyi yerləşir.
Bu proses Ermənistan-Çin münasibətlərini çətinləşdirə bilər, çünki indi rəsmi Pekin səs-küylü cinayət işinə cəlb olunmuş vəziyyətdədir.
Martın 12-də Ermənistanın üçüncü prezidentinə yeni ittiham irəli sürüldüyü məlum olub. O, İrəvanda "Yerablur" hərbi panteonunun yaxınlığında yerləşən torpaq sahələrinin qanunsuz satışı üzrə iş çərçivəsində külli-miqdarda mənimsəmədə və çirkli pulların yuyulmasında şübhəli bilinir.
Lakin nəşrin qeyd etdiyi kimi, əslində bu torpaqlar panteondan kifayət qədər uzaqda yerləşir və onun adı, çox güman ki, ictimaiyyətdə mənfi rəy yaratmaq üçün istifadə olunur.